Füzuli rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin, QRTİ Füzuli rayon üzrə təhsil sektorunun, YAP Füzuli rayon təşkilatının, Füzuli Gənclər Evinin, Füzuli rayon mədəniyyət müəssisələrinin, Füzuli DAİM-in əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzülüb.
Daha sonra iştirakçılar tərəfindən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən foto guşələrə, kitab sərgisinə baxış keçirilib.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən bəhs edən videoçarx izlənilib.
Tədbirdə Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində müstəsna rol oynamasından, xalqımız qarşısında misilsiz xidmətlərindən, müasir Azərbaycanın möhkəm təməlinin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmasından bəhs edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük zəfərin mənbəyində Ulu Öndər Heydər Əliyev siyasətinin dayandığını diqqətə çatdıran Gülbahar Eyvazova bu siyasətin xalqımızı uğurlu gələcəyə aparacağına qəti əminlik ifadə edib.
Daha sonra QRTİ Füzuli rayon üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova, YAP Füzuli rayon təşkilatının sədr müavini Aydın Rəşidli, Füzuli Gənclər Evinin direktoru Seyfəddin Maqsudov və Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Şəhanə Kərimova mövzu ətrafında geniş çıxış ediblər.
Hazırladı: Mina RƏŞİD