09.06.2025, 06:42
AZ EN
23.11.2023, 11:54 392

Polad Həşimov qol saatını açıb ona bağışlamışdı

XƏBƏRLƏR

Rüfət snayperçi idi, özü də necə deyərlər, quşu gözündən vururdu. Ona görə də, müharibədə yoldaşları ona minnətdar idilər ki, o öz çevikliyi, sərrast atışı ilə Zəfərə gedən yolları açırdı. Aprel və Tovuz döyüşlərinin iştirakçısı olan Rüfət Vətən müharibəsinə çoxdan hazır idi. Müharibənin ilk günündən döyüşlərə qatıldı və Şuşada sona qədər vuruşaraq düşmənin 100-dən çox canlı qüvvəsini məhv elədi. Yəqin elə buna görədir ki, döyüşlər zamanl Rüfət yoldaşlarının gözündə gah “Canavar”a, gah da “Əjdaha”ya dönürdü...

Vətən müharibəsinin qəhrəman oğullarından olan şəhid gizir Rüfət Vidadi oğlu Məmmədli 1993-cü il noyabrın 23-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub. 2000–2011-ci illərdə A.Namazov adına Saloğlu qəsəbə tam orta məktəbində təhsil alıb. 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə xidmətə başlayıb. 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərdə savaşıb. Aprel döyüşlərindəki şücaətinə görə "kiçik gizir" hərbi rütbəsi qazanıb. Müxtəlif zamanlarda snayper kurslarında uğurla iştirak edib. 2017-ci ildə "ən yaxşı kəşfiyyatçı snayper" kursunu birinciliklə bitirib. 2020-ci ilin iyul ayında Tovuz döyüşlərinin iştirakçısı olub.

Gizir Rüfət Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi savaşıb. Sərrast atışlarına görə döyüş yoldaşları ona "Əjdaha", “Canavar” ləqəblərini vermişdilər. 100-dən çox düşməni qanına qəltan edən gizir Rüfət Məmmədli noyabrın 8-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Qəhrəman şəhidimiz doğma Ağstafa rayonunun Saloğlu qəsəbəsində böyük izdiham və sonsuz ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Rüfət Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Anası deyir ki, Rüfətin necə bir qəhrəman olması o vaxt Milli Qəhrəman, şəhid general Polad Həşimovun da diqqətindən yayınmamışdı. General qolundan saatını açaraq onu Rüfətə hədiyyə etmişdi...

Bu gün qəhrəman şəhidimiz, gizir Rüfət Məmmədlinin doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, nurüzlü, qəhrəman şəhidim, məzarın nurla dolsun, ruhun şad olsun!

Mina RƏŞİD

Oxşar xəbərlər