04.05.2026, 10:53
AZ EN
03.05.2026, 21:54 62

Gürcüstanda Qarabağ Zəfərinə həsr edilən “Xarıbülbülün qərənfilə müjdəsi” kitabının təqdimatı olub

XƏBƏRLƏR
  • Marneulidə Gürcüstan Azərbaycanlıları Konqresində (GAK) Azərbaycanın Əməkdar müəllimi, Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 saylı orta məktəbin direktoru Almaz Həsrətin və həmin məktəbin müəllimi, şəhid bacısı Gülnarə Musayevanın həmmüəllifliyi ilə işıq üzü görən “Xarıbülbülün qərənfilə müjdəsi” kitabının Gürcüstanda təqdimatı keçirilib.

Mərasimdə Tbilisi, Rustavi şəhərlərindən, Qardabani, Dmanisi, Bolnisi rayonlarından şair və yazıçılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

GAK sədri Hüseyn Yusubov deyib ki, kitabın Marneulidə təqdimatının keçirilməsi təsadüfi deyil. Kitabda adı keçən 20 Yanvar şəhidi, Marneulinin Kirəc Muğanlı kəndindən olan Vəfadar Eminovun bu gün 60 yaşı tamam olub. Müəlliflər, eləcə də şəhidin nişanlısı - sevgisinə sadiq qalan, bu günə qədər heç kimlə ailə qurmayan Mənzər xanım şəhidin doğulub boya-başa çatdığı evi ziyarət ediblər.

Şəhidin bacısı Gülnarə Musayeva deyib ki, kitabın adı da təsadüfi seçilməyib: “Bu kitabımızdakı proseslərin əsasında 44 günlük Vətən müharibəsindəki Qələbənin 20 Yanvar faciəsinin simvoluna çevrilən qərənfilə müjdəsi dayanır”.

Almaz Həsrət isə bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində işıq üzü görən kitabda Azərbaycanın əsrarəngiz gözəlliklər diyarı olan Qarabağın coğrafi mövqeyi, təbiəti, flora və faunası, tarixi, mədəni, dini abidələri, gözəl insanları, onların məşğuliyyətləri, adət-ənənələri ensiklopedik bilgilər əsasında bədii formada təsvir edilib.

“Biz, həmçinin Vətən müharibəsində Qarabağın hər bir guşəsinin azad olunmasını və Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş torpaqlara səfərlərini xronoloji ardıcıllıqla qələmə almışıq”, – deyə müəllif bildirib.

Sonra ictimai xadim Ramiz Bəkirov, tanınmış ziyalı hacı Səyyad Xəlilov, AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov, müəllim Elbrus Ömərov, şairlər Fatma Aslan və Sevda Əsgərova, el ağsaqqalı Ağabalı Xeyirxəbərov və başqaları çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, kitab Qarabağ Zəfərinin rəmzi olan xarıbülbülün 1990-cı ilin 20 Yanvar şəhidlərinin simvoluna çevrilmiş qərənfilə müjdəsi olmaqla, bütün şəhidlərin ruhuna hədiyyədir. (AZƏRTAC)

Oxşar xəbərlər