20.10.2024, 12:04
AZ EN
10.11.2022, 13:55 543

Göyçədən didərgin olub Xocalıda əsir düşən ailə

XƏBƏRLƏR
  • Məmmədovlar ailəsi 1988-ci ildə erməni faşizminin əlindən Qərbi Azərbaycanın Göyçə mahalından didərgin düşüb. Ailənin böyük oğlu 1973-cü il təvəllüdlü Sərvər burada öz ata-baba yurdunda faciəvi şəkildə öldürülüb. Sonra 9 nəfərlik ailə Xocalı şəhərinə pənah gətirib. Məmmədova Anaxanım Heydərəli qızı deyir ki, ermənilər burada da bizə gün vermədilər: “Xocalı şəhərində əli silah tutanlarımız vətənin keşiyində durdular. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə soyqırım günü ermənilər Xocalıya növbəti dəfə hücum etdilər. Həmin zaman ailəvi olaraq ermənilər tərəfindən girov götürüldük. Girovluqda olan zaman düşmən oğlum Əhmədi əlindən gülləylə vurdu. O biri oğlum əl qumbarası ilə yaralandı. Mən isə kürəyimdən yaralı idim”.

Onlar dəhşətli bir şəraitdə, yaralı vəziyyətdə bir həftə əsirlikdə qalırlar. Sonra Məmmədovlar ailəsinin beş üzvünün də daxil olduğu 80 azərbaycanlı əsir Milli Qəhrəman Allahverdi Bağırovun səyi nəticəsində düşmən tərəfdə muzdlu döyüşən zəncinin cəsədi ilə dəyişdirilərək azad edilir.

Məmmədovlar ailəsinin üç üzvü olan ata Məmmədlə, oğlanları Söhbət və Möhlət isə əsirlikdə qalırlar. Ailə 2007-ci ilə qədər doğmalarının sağ olduğuna ümid edir, onların bir gün geri dönəcəkləri günü gözləyir. Ta o vaxta qədər ki, onlar 2007-ci ildə MTN-nin ATV telekanalının canlı şahidlərin dilindən hazırladığı sənədli filmə baxırlar. Filmdən məlum olur ki, düşmən Məmmədov Məmməd Rəhim oğlunu və oğulları Söhbət və Möhlətin başlarını erməni qəbirlərinin üstündə kəsərək onları vəhşiliklə qətlə yetirib...

Bu ailənin faciəsi düşmənin başımıza gətirdiyi saysız-hesabsız müsibətlərdən bir nümunə idi. Dərdimizi diri saxlamaq, unutmamaq üçün bütün faciələrimizi xatırlatmalı və gənc nəslə ötürməliyik ki, sabah onlar bundan betər müsibətləri yaşamasınlar.

Bu gün Qərbi Azərbaycandan olan minlərlə soydaşımız öz ata-baba torpaqları olan İrəvan, Qaraqoyunlu, Ağbaba, Zəngəzur, Göyçə həsrətilə yaşayır və “Qərbi Azərbaycan icması” ətrafında sıx birləşərək haqqlarının bərpasına çalışırlar. 44 gündə Zəfər qazanmış bir millətin nümayəndələri kimi gələcəyə inamları böyükdür.

Mina RƏŞİD

Oxşar xəbərlər