141 illik tarixə malik olan Azərbaycan dəmir yolları möhtəşəm inkişaf yolu keçib. Dəmir yolu tikintisinin birinci mərhələsi 1878-ci ildə başlanıb və 1880-ci il yanvarın 20-də uzunluğu cəmi 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı dəmir yolunun istifadəyə verilməsi ilə başa çatıb. O vaxtdan Azərbaycan Dəmir Yolları yükdaşımalara tələbatın artması nəzərə alınmaqla inkişaf etdirilib və təkmilləşdirilib.
Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilib. Üç beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycanın dəmir yolları “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizi üzrə yüklərin daşınmasını həyata keçirir.
Hazırda ölkəmizin nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolunun möhkəmləndirilməsinə yönəlmiş bir neçə layihə həyata keçirilir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında nəqliyyat və logistika sektorunun roluna böyük ümidlər bəslənilir.
Strateji əhəmiyyətli bir regionda beynəlxalq nəqliyyat dəhlizinin kəsişdiyi məkanda yerləşən Azərbaycan əsrlər boyu bu dəhlizlər arasında unikal körpü rolunu oynayıb.
44 gün davam edən müharibə ərzində dəmiryolçular cəbhəboyu zonada yerləşən stansiyalara və geriyə müxtəlif yüklər, o cümlədən hərbi texnika, qida məhsulları və yanacaq daşıyıblar. Düşmənin qənimət götürülmüş texnikaları da Bakıya dəmir yolları ilə gətirilib. Gecə-gündüz fədakarlıqla çalışan polad magistral əməkçiləri özlərinə bir şüarı rəhbər tutmuşdular: “Vaxtında cəbhəyə çatdırılan hər bir qatar düşmənə vurulmuş ağır zərbədir!” Bundan əlavə, cəsarət təcəssümü olan Vətən müharibəsində 200-ə yaxın dəmiryolçu döyüşüb, onlardan dördü şəhidlik zirvəsinə ucalıb. Müharibə bitdikdən sonra işğaldan azad edilən ərazilərdə yerləşən dəmir yolu xətlərinin bərpasına start verilib.
Həmçinin 2020-ci ildə Abşeron dairəvi xətti tam istifadəyə verildi. 2015-ci ilin sentyabrında yenidən qurulan Bakı-Sumqayıt dəmir yolu xətti ilə Azərbaycanda ilk “Stadler” qatarı yola düşdü. “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan və ən yüksək standartlara cavab verən bu qatarların parkını genişləndirməkdədir. 2019-cu ildə Bakı-Sabunçu və Sabunçu-Pirşağı xətləri istifadəyə verildi. 2020-ci il martın 18-də isə Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi xətti tam istismara verildi. Abşeron dairəvi xəttinin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Bu yol Bakının və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən birinə çevrildi.
Hazırladı: Mina RƏŞİD