Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın məzarı önünə əklillər qoyub, tər qərənfillər düzüblər. Şəhidlərin ruhuna dualar oxunub.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən torpaqları uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılmasından sonra Azərbaycanın Dövlət Himni oxunub.
Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov anım mərasimində çıxış edərək tankçıların birinci Qarabağ müharibəsində göstərdikləri igidliklərindən, erməni quldurları ilə ölüm-dirim savaşlarından və onların Səbail tank taborunda şərəfli xidmət yollarından danışıb.
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Milli Qəhrəman Əsəd Əhmədovun təkcə Saral kəndinin deyil, bütün Qərbi azərbaycanlıların və xalqımızın qəhrəman oğlu olduğunu bildirib. Əsəd kimi qorxmaz Vətən övladlarının sayəsində 44 gün ərzində xalqımızın otuz illik yurd həsrətinə son qoyulduğu vurğulanıb. Deputat şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə cansağlığı diləyib.
Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant Samir İsmiyev hər iki şəhidin ailə üzvünə başsağlığı verib, onlara Allahdan səbir diləyib. S.İsmiyev şəhidlərimizin şücaətinin illər ötsə də, xalqımızın yaddaşından heç zaman silinməyəcəyini bildirib: “Vətən müharibəsində bütün dünya Azərbaycan xalqının haqq işi uğrunda apardığı mübarizəsini gördü, şəhidlərimizin canı bahasına alınan tarixi torpaqlarımıza qovuşduğunun şahidi oldu. Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, “Qarabağ Azərbaycandır!” şüarı hər bir əsgərin və zabitin döyüş devizinə çevrildi”.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə və Əməkdar jurnalist Telli Pənahqızı çıxışlarında Azərbaycanın mərd övladlarının 1988-ci ildən etibarən Vətən uğrunda apardıqları çətin, lakin olduqca şərəfli mübarizə yollarından bəhs ediblər.
Sonda şəhidlərin ailə üzvləri Afidə Əhmədova və Günay Allahverdiyeva Prezident İlham Əliyevə şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildiriblər.
Qeyd edək ki, şəhid tankçı Əsəd Əhmədov 1992-ci ilin martında könüllü olaraq milli ordu sıralarında hərbi xidmətə başlayıb. O, Qubadlı, Laçın, Ağdamın müdafiəsində şanlı döyüş yolu keçib. Həmin ilin iyulunda Ağdam rayonunun Şelli, Abdal-Gülablı, Güllücə, Papravənd və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşaraq düşmənin atəş nöqtələrinin məhv edilməsində xüsusi rol oynayıb. Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Ə.Əhmədov 1992-ci ilin avqustunda Şəhidlər xiyabanında dəfn edilib. Yasamal rayonundakı küçələrdən biri onun adını daşıyır.
1991-ci ildə könüllü olaraq milli ordu sıralarına daxil olan Nazim Allahverdiyev isə Səbail tank taborunda sürücü-mexanik kimi hərbi xidmətə başlayıb. Onun ilk döyüş yolu Goranboy rayonunun müdafiəsindən keçib. Sonra Şuşa, Laçın uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq nümunələri göstərib. Cəmilli, Kosalar, Malıbəyli və Quşçular kəndlərinin müdafiəsində mərdliklə dayanan N.Allahverdiyev 1992-ci il mayın 15-də Şuşanı düşməndən geri almaq məqsədilə aparılmış hücum əməliyyatında fəal iştirak edərək Şuşa-Zarıslı yolunda heyətlə birlikdə döyüşərək qəhrəmancasına şəhid olub.