23.12.2024, 09:37
AZ EN
04.07.2022, 12:20 357

Sovet-yapon müharibəsi, Stalin deportasiyası, Qarabağ savaşı – 100 yaşlı Nəbi Nuriyevin mübariz həyatı

XƏBƏRLƏR
  • İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan övladlarının da rolu az deyil. Belə qəhrəmanlardan biri də İmişli sakini Nəbi Nuriyevdir. Kvantun ordusuna qarşı döyüşlərdə igidliklə vuruşan Nəbi kişinin bu günlərdə 100 yaşı tamam olub. 

Nəbi Nuriyev Qərbi Azərbaycanın Vedi rayonunda dünyaya göz açıb. 1942-ci ildə Qarabağlar rayon hərbi komissarlığından cəbhəyə yola düşüb. 130-cu atıcı alayın tərkibində döyüş yolu keçən Nəbi Nuriyev qəhrəmanlığı ilə tanınıb. Döyüşlərdə göstərdiyi fədakarlığa görə ona çavuş rütbəsi verilib, bölmə komandiri olub. Sovet-yapon müharibəsində ağır döyüşlərdə iştirak edib. Yaponların məşhur generalı olan Kvantun ordusunun darmadağın edilməsində onun da rolu az olmayıb. Yaponiyanın Vadlin şəhərinədək döyüş yolu keçən Nəbi Nuriyev Kvantun ordusunun təslim olması əməliyyatında qəhrəmanlığı ilə seçilib.

1946-cı ilin dekabr ayında Vətənə dönüb. Gəncliyini döyüş meydanlarında itirsə də, Vətənə qayıtdıqdan sonra ailə qurub. Amma bir müddət sonra qaçqınlıq həyatı yaşamağa məcbur olub. Ağlına da gəlməzdi ki, bir vaxtlar çiyin-çiyinə döyüşdüyü ordunun komandanı - Stalin onun doğma elini yurdundan didərgin salacaq, ata-babasının doğulduğu, ailəsinin yaşadığı torpağı ermənilǝrǝ hədiyyə edəcək...

1949-cu il dekabrın son günlərində Nəbi kişi 2 yaşlı oğlu, 40 günlük qız övladı və həyat yoldaşı ilə birlikdə digər həmvətənləri kimi, indiki Ermənistan adlanan yurdundan deportasiya edilir və İmişli rayonunun Qaralar kəndinə köçürülür. Kəndin ağsaqqallarından olan Qurban kişi ona sığınacaq verir. O zaman kolxoz sədri olan Mirəli kişi Nəbini taxılçılıq sahəsində briqadir təyin edir. Dünyanın ağrılı-acılı günlərini görən Nəbi Nuriyev briqadir kimi bir buğda dənəsinin belə itkiyə getməsinə yol vermir. Bunu görən kolxoz rəhbərliyi onun oxuyub təhsil almasına, mütəxəssis kimi yetişməsinə şərait yaradır. Beləliklə, o, Ağdamdakı kənd təsərrüfatı kadrlarının ixtisasartırma məktəbinə daxil olur.

Təqaüdə çıxanadək kolxozda müxtəlif vəzifələrdə çalışan Nəbi Nuriyev müharibə və əmək veteranı kimi də el-oba və rayon ictimaiyyəti arasında sayılıb-seçilib. Həm də qayğıkeş ailə başçısı kimi tanınıb. Nəbi kişi 4 oğul, 6 qız atası, 28 nəvə, 70 nəticə və kötükcənin sevimli babasıdır.

Şərəfli, həm də ağır döyüş yolu keçmiş Nəbi Nuriyev müharibədəki qəhrəmanlığına görə dəfələrlə təşəkkürnamə alıb, Yaponiya üzərində qələbəyə görə, həmçinin Qələbənin 20, 40, 50, 60, 65, 70, 75 illik yubiley medalları ilə təltif edilib, II dərəcəli “Vətən müharibəsi veteranı" medalına və SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ordeninə layiq görülüb. Nəbi Nuriyevin təltiflərindən biri də faşizm üzərində qələbənin 55 illiyi ilə əlaqədar 2000-ci ildə ulu öndər Heydər Əliyev Sərəncamına əsasən təltif olunduğu “1941-1945-ci illər müharibəsi veteranı” nişanıdır.

Birinci Qarabağ müharibəsi başlayanda, həmçinin Vətən müharibəsində döyüşlərə yollanan igid oğullarımıza xeyir-dua verənlərdən biri də İkinci Dünya müharibəsinin od-alovundan keçmiş Nəbi Nuriyev idi. Bu dəfə qanlı döyüşlər uzaqlarda yox, Azərbaycan torpaqlarında gedirdi. Azğınlaşmış erməni hərbçilərinin amansız hücumlarının qarşının alınmasında qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalanlar, bədənində o illərin ağrı-acısını, güllə qəlpələrini gəzdirənlər arasında Nəbi Nuriyevin qohum-əqrəbaları da az deyil.

Ömrünün ixtiyar çağlarında olan Nǝbi baba ən böyük arzusuna da çatıb. Onun dilində hər zaman bircə söz olub: “Qarabağımızı azad görsəydim, bir qayğım, dərd-sərim qalmazdı”. O gün də gəlib çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu düşmənin belini qırdı, onu torpaqlarımızdan, Qarabağımızdan qovdu.

Qeyd edək ki, Nəbi kişinin nəvəsi Rövşən Binnətov Vətən müharibəsinin könüllü iştirakçısı olub. Bir çox ərazilərin azad olunmasında iştirak edib, "İgidliyə görə" medalı ilə təltif olunub və ona zabit rütbəsi verilib. (AZƏRTAC)

Oxşar xəbərlər