21.11.2024, 22:22
AZ EN
19.02.2024, 08:02 303

Bu gün “44 gün – Tarixi Zəfər” kitabının təqdimatı keçiriləcək

XƏBƏRLƏR
  • Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası bu gün Göyçay rayon Heydər Əliyev Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatını keçirəcək. Xatırladaq ki, birinci cilddə 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib. I və II cildlərdə ümumilikdə 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb.

Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb.

Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci və 2-ci cildi işıq üzü görüb, 3-cü cild üzərində işlər aparılır.

Redaksiyanın nəşr etdiyi «Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi» kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Burada Faşizm üzərində qələbənin 75 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb.      

Respublika Xatirə Kitabı Redaksiyası həmçinin, “Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib.  Redaksiya, eyni zamanda, «Vətən daşı... və ya 44 günün dastanı» adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub.  Layihənin rəhbəri Nəzakət Məmmədovadır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər