Bu gün 19 yaşında şəhadətə ucalan əsgər, Vətənin qəhrəman oğlu Ziya Zabil oğlu Nurməmmədovun doğum günüdür. O, 2001-ci il avqustun 29-da Kürdəmir rayonunun Sığırlı kəndində anadan olub. Kənddə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.
2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində gənc əsgər Ziya Nurməmmədov da könüllü olaraq iştirak edib. O, Füzuli istiqamətində döyüşlərə başlayıb. Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikasının məhv edilməsində şücaətlər göstərib. Oktyabr ayının 13-də Füzuli istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.
19 yaşlı Şəhidimiz doğulduğu Kürdəmir rayonunda böyük izdihamla Şəhidlər Xiyabanında dəfn edilib. Qeyd edək ki, Ziya Nurməmmədov rayonun ən gənc şəhididir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Şəhid Ziya Nurməmmədov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimizin ailəsi öz şəxsi vəsaiti hesabına Bakı-Qazax yolunun kənarında Kürdəmir rayonunun Sığırlı kəndində onun adına bulaq inşa etdirib.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şanlı Zəfər tariximizi yazan oğullardan biri kimi şəhid Ziya Nurməmmədovun da adı xalqın yaddaşında daima yaşayacaq və onun işıqlı xatirəsi həmişə böyük ehtiramla yad edilərək həyatı gənc nəsillərə nümunə olacaq.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Ziya balamız!
Mina RƏŞİD