Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, əsgər Fazil Razim oğlu Məmmədlinin doğum günüdür. O, 1998-ci il iyulun 18-də Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. 2004–2015-ci illərdə H. Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində təhsil alıb․ Fazil Məmmədli 2016–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin aprel ayından Azərbaycan Silahlı Qüvvələrinin Qazax şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu kimi manqa komandiri vəzifəsində Vətənə xidmət edirdi․ 2020-ci ildən snayperçi olaraq xüsusi qrupa daxil olmuşdu․
Azərbaycan Ordusunun əsgəri olan Fazil Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərə qoşulub. İgid döyüşçü oktyabrın 16-da şiddətli Füzuli döyüşləri zamanı da qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla doğma Ağstafa rayonunda torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Fazil Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Fazil balamız!
Mina RƏŞİD