Vilayət Valeh oğlu Allahverdiyev 2000-ci il avqustun 19-da Şəki rayonunun Birinci Biləcik kəndində anadan olmuşdu. Ailədə altı övlad idilər. O, doğma kənddə orta təhsil almış, 2018-ci ilin oktyabrından 2020-ci ilin aprel ayına kimi həqiqi hərbi xidmət keçmişdi.
İşğalçı Ermənistanın növbəti təxribatlarına cavab olaraq rəşadətli ordumuz əks-hücum əməliyyatlarına başlayarkən Vilayət cəmi altı ay idi hərbi xidmətdən qayıtmışdı. Dostu Fərid Xəlilov deyir ki, ürəyi orduda idi, yenidən hərbi xidmətə qayıtmağı düşünürdü. Vətən müharibəsinin başlanması onu bu istəyinə qovuşdurdu...
Hərbi səfərbərliklə yenidən ordu sıralarına qayıdan Vilayət döyüşlərin ilk günlərindən ön cəbhədə olub. O, şirin ləhcəsində söhbətləri ilə əsgər yoldaşlarında ruh yüksəkliyi yaradır, həm də özü döyüş tapşırıqlarının yerinə yetirilməsində cəsurluğu ilə seçilirdi. Yeniyetmə vaxtlarından idmanla məşğul olduğundan ən çətin məqamlarda belə dözümlülük göstərir, fiziki cəhətdən zəif düşən silahdaşlarına da kömək edirdi...
Vilayət düz bir ay düşmənlə üzbəüz döyüşlərdə iştirak edib, Füzulinin, Cəbrayılın, Qubadlının işğaldan azad olunması üçün can qoyub, əzmkarlıq göstərib. Ordumuzun zəfər yürüşü Laçın rayonu ərazisinə çatanda oktyabrın 28-də qızğın döyüş zamanı düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə yüksəlib.
...Vilayətin Birinci Biləcikdəki məzarı həmkəndlilərinin, xüsusən, vaxtilə təhsil aldığı orta məktəbin şagirdlərinin müqəddəs ziyarətgahıdır. Şəhidin ailəsi onun adı və qəhrəmanlığı ilə fəxr edir.
Bu gün onun 22 yaşı tamam olur... Adətən, “yaşasaydı...” deyirik. Amma Azərbaycanda bir şüar dilimizin əzbəridir: “Şəhidlər ölməz, Vətən bölünməz!” Vətənimizin bölünməzliyi uğrunda canını qurban verən şəhid Vilayət Allahverdiyevin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Vətən müharibəsində göstərdiyi şücaətlərə görə o, ölümündən sonra, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin.
Mina RƏŞİD