Qarabağ Regional Peşə Hazırlığı Mərkəzində işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlığının həyata keçirilməsi üçün lazımi maddi-texniki potensial yaradılıb. Buraya qədəm qoyarkən işlərin yüksək zövq və keyfiyyətlə aparılması və müasirlik diqqəti çəkir. Mərkəzdə 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümlü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar mövcuddur. Burada 48 peşə istiqaməti, o cümlədən dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, santexnik və digər peşələr üzrə tədrisin həyata keçirilməsi üçün infrastruktur var. Mərkəzdə bir dəfəyə 300, ildə isə 1200 nəfərin hazırlıq keçməsi nəzərdə tutulub. Qarabağ Regional Peşə Hazırlığı Mərkəzində 20 nəfərlik heyət fəaliyyət göstərəcək.
Qeyd edək ki, hazırda Bakı, Göyçay, Gəncə və Qarabağ Peşə Hazırlığı mərkəzləri fəaliyyət göstərir. Müasir maddi-texniki potensiala malik həmin mərkəzlər peşə hazırlığı işinin təşkilində əhəmiyyətli rol oynayır. DOST Konsepsiyasına uyğun olaraq Quba, Cəbrayıl, Sabirabad, Şəki, Masallı, Ucar və Şamaxıda da Peşə Hazırlığı mərkəzləri açılacaq. Ümumilikdə 175 peşə və ixtisas üzrə tədris aparılır. Bu sahədə 100-dən çox əlavə təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir. (AZƏRTAC)