16.03.2025, 03:29
AZ EN
02.02.2023, 09:57 397

Gədəbəyin igid oğlu

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanlarından biri, çavuş, şəhid Seymur Əli oğlu Ələsgərovun doğum günüdür. O, 1992-ci il fevralın 2-də Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində alıb. Seymur həbi xidmətini şərəflə yerinə yetirib. Hərbi xidmətini başa vurduqdan sonra özünü başqa bir sahədə tapa bilməyən bu vətənpərvər oğul 2013-cü ildən yenidən müddətdən artıq hərbi xidmətə yollanıb. Tərtər istiqamətində düz Vətən müharibəsinə qədər orduda xidmət edib. Azərbaycan Ordusunun çavuşu Seymur kəşfiyyatçı idi.

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinə Seymur çoxdan hazır idi. Odur ki, torpaqlarımızın azadlığı uğrunda Zəfər yürüşünə ilk qoşulanlardan biri də o oldu. O, Füzulu uğrunda gedən qanlı döyüşlərdə mərdliklə vuruşdu. İlk həlledici döyüşlərdə və cəbhənin yarılmasında onun xidməti danılmazdır.   

Çavuş S.Ələsgərov 2020-ci sentyabrın 29-da Füzulu uğrunda gedən amansız döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz dünyaya göz açdığı doğma kəndlərində böyük bir izdiham və ehtiramla torpağa tapşırılıb.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Seymur Vətən müharibəsinin ilk şəhidlərindəndir. Bu o deməkdir ki, torpaqlarımızın düşməndən azad olunmasında ilk addım - cəbhənin yarılmasında Seymurun da böyük xidməti var. O, Vətən torpağının azadlığı uğruna öz canını fəda edən oğullardandır. Seymurun ən böyük arzusu Qarabağın azad olunması, düşməndən intiqam almaq idi. O, bu arzusuna çatdı. Bu gün haqlı olaraq doğmaları onunla fəxr edirlər. Deyirlər ki, belə oğul, belə qardaş hər kəsə qismət olmur. Seymurla bütün Azərbaycan qürur duyur, çünki o Zəfər tariximizin salnaməsini yazanlardan biri kimi Şəhid olaraq ən uca məqama yüksəlib.

Seymur şəhadətə ucalanda 28 yaşı vardı. O, hələ də subay idi. Bacısı deyir ki, Seymur hər dəfə evlənməklə bağlı məsələləri ertələyirdi. Sanki Şəhid olacağını duyur, heç kimi incitmək, gözü yaşlı qoymaq istəmirdi...

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər