Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Əkram Azad oğlu Abdullayevin doğum günüdür. O, 1998-ci ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində anadan olub. 2016-cı ildə şəhid Murad Muradov adına orta məktəbi bitirdikdən sonra, 2017-ci ildə hərbi xidmətə çağırılıb və 2019-cu ildə hərbi xidmətini başa vurub. 2019-cu ildə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə yenidən müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətə başlayib.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əkram Abdullayev 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsinə qatılıb. Cəbrayılın, Füzulinin, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə mərdliklə iştirak edib.
Əkram Abdullayev 29 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrənacasına şəhadətə ucalıb. Şəhidimiz böyük ehtiram və izdihamla doğma Cəlilabadda torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əkram Abdullayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Cəlilabadda şəhidimizin xatirəsinə bulaq kompleksi inşa edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD