Bunu açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Deputat bildirib ki, XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. M.Qasımlı fikirlərinə belə davam edib: “Bu gün regionumuzda baş verən proseslər sübut edir ki, təhlükəsizlik və sabitlik olmadan digər istiqamətlər üzrə nailiyyətlərin də heç bir mənası yoxdur. Bu baxımdan, Qlobal Bakı Forumu irəli sürdüyü yanaşmalar, təşviq etdiyi dəyərlərlə mühüm beynəlxalq platforma kimi rolunu daha da artırır. Son illər ərzində müşahidə olunan geosiyasi reallıqlar beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə hörmətin zəruriliyini açıq şəkildə göstərir, əks təqdirdə qlobal sabitliyin ciddi təhdid altına düşdüyünü görürük. Bu baxımdan təhlükəsizlik və sabitliyin qorunması qlobal miqyasda dövlətlərin ortaq məsuliyyəti kimi qiymətləndirilməlidir”.
O qeyd edib ki, Foruma ev sahibliyi edən Azərbaycanın öz müstəqil xarici siyasəti ilə daim qarşılıqlı və bərabərhüquqlu münasibətləri təşviq edib. “Məhz ölkəmizin təşəbbüsü ilə bütün tərəflər üçün faydalı əməkdaşlıq platformaları yaradılıb, mühüm layihələr icra olunub. Bu xüsusda beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edən enerji layihələrini qeyd edə bilərik. Enerji təhlükəsizliyi üçün yaranan təhdidlər fonunda bu gün dünyanın 16 ölkəsi Azərbaycan təbii qazı ilə təchiz olunur. Eləcə də ölkəmiz Avropa ilə Asiya arasında körpü rolunu uğurla həyata keçirir, digər mühüm layihələrdə yaxından iştirak edir. Məhz bu səbəbdəndir ki, ABŞ və Çin ilə strateji tərəfdaş olan Azərbaycan dünyada etibarlı tərəfdaş kimi böyük nüfuz qazanıb. Müasir dünyamızda Azərbaycanın təcrübəsinin, müstəqil siyasəti ilə təşviq etdiyi strateji prinsiplərin mənimsənilməsinə ehtiyac duyulur. Bu baxımdan Qlobal Bakı Forumu mühüm platforma kimi çıxış edir. Eyni zamanda, Forum müasir dünyanın qarşılaşdığı əsas problemlər ilə bağlı çıxış yollarının müəyyənləşdirilməsi, təkliflərin səsləndirilməsi, siyasətçilərin, elm adamlarının onları düşündürən məsələləri səsləndirmələri baxımından da olduqca səmərəli funksiyanı həyata keçirir”, - deyə M.Qasımlı vurğulayıb. (AZƏRTAC)