Kitabın müəllifi BDU-nun Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi, gənc yazıçı-jurnalist Südabə Məmmədovadır. Qeyd edək ki, “Debüt” adlı kitab müllifin ilk kitabıdır. Milli mətbuatımızın 150 illiyinə töhfə olan kitab məqalə, hekayə və dram əsərlərindən ibarətdir. Kitabın redaktoru tanınmış yazıçı, şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, rəyçi və ön sözün müəllifi Qərənfil Dünyaminqızı, məsləhətçi və tərtibatçısı Ayətxan Ziyad (isgəndərov), naşiri isə Tuncay Şəhrilidir.
Kitabı gənc həmkarının ilk işi olduğu üçün “Debüt” adlandıran tərtibatçı redakror Ayətxan müəllim müəllifi oxuculara belə təqdim edir: “Südabə Məmmədova. 26 iyul 2005-ci ildə Tovuzda anadan olub. BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsidir. Yazıları "Yazarlar" jurnalı, "525-ci qəzet", "Bütöv Azərbaycan" qəzeti və digər media orqanlarında yayımlanıb. Şərq TV-də aparıcı, Trend Xəbər Agentliyində müxbir olaraq çalışıb. Media İnkişaf Agentliyində BDU üzrə ilk birillik Media Səfiri, TAİB təşkilatında Protokol Komissiyasının rəhbəri kimi fəaliyyət göstərib. BSU-nun "Yaşıl dünya naminə həmrəylik ili" adlı II mərhələli müsabiqəsində hər iki mərhələnin qalibi olub”.
Südabə Məmmədova ilk kitabının nəşri ilə bağlı “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatı ilə təltif olunub. Kitab artıq əsas kitabxanalarımızın fondlarına daxil edilib və bu proses ilin sonuna qədər mərhələli şəkildə davam etdiriləcək. Arzu edənlər kitabı “Kitabevim.Az” kitab mağazaları şəbəkələrindən əldə edə bilərlər. Bundan əlavə kitabı “Novella” kitab evindən simvolik bir qiymətə kirayə də götürüb oxumaq olar.
Mina RƏŞİD