Səbuhi Əhmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin iştirakçısıdır. 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən başlanılan genişmiqyaslı təxribatın qarşısının alınması əməliyyatında da gizir S.Əhmədov düşmənlə savaşdı. 2022-ci il sentyabrın 13-də Səbuhi döyüş meydanında qəhrəmancasına Şəhid oldu.
Ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.
Sinif yoldaşı Fərid Şərifov xatirəsində yazır ki, Səbuhi gülərüz və xoşniyyətli bir insan idi. Biz onunla dost idik. İndi biz hamımız onunla fəxr edirik. Səbuhi hər zaman qəlbimizdə yaşayacaq.
Səbuhi qardaşı Sənandan böyük idi. Elə ona görə də, ona sanki himayədarlıq edir, atası kimi qayğısını çəkirdi. Yəqin elə bu səbəbdəndir ki, özündən əvvəl Sənanı evləndirmişdi. İndi Sənan onun haqqında yana-yana danışmaqdan doymur:
“Səbuhi deyirdi ki, qardaş, mənimlə fəxr edəcəksən. Gizir idi. Hər zaman dediyini edərdi. Üç gün olardı zəng etmirdi. Sonra zəng elədi, danışdıq. Elə həmin gün sentyarın 13-də qardaşım şəhid oldu. 25 yaşı vardı. Qardaşımla fəxr edirəm, amma onsuz mənə çox çətin olacaq…” Sənan sonra deyir ki, gözümlə görməmiş onun şəhid olduğuna inanmadım. Onun şəhid olduğunu yaxından görənə qədər dua edirdim ki, yalan olsun. Səbuhinin arzuları vardı, istəyirdi evi, ailəsi olsun. Deyirdi ki, qardaş, məni nə vaxt evləndirəcəksən? Səbuhiyə 14 güllə dəymişdi. O, öz döyüş yoldaşını xilas edərkən (onun qarşısına keçib) mərdliklə şəhid olub...
Gizir Səbuhi Əhmədov şəhadətə qovuşanda onun 25 yaşı vardı. Qardaşının dediyi kimi subay idi, arzuları vardı. Amma hər kəsə nəsib olmayan ən uca məqama çatdı və hamı, bütün Azərbaycan onunla fəxr edir indi. S.Əhmədov 2-ci Fəxri Xiyabanda böyük bir izdihamla dəfn edildi. Həmin gün uşaqdan tutmuş qocaya qədər hər kəs onunla vidalaşnmağa gəlmişdi. Sanki bu borc idi, insanlar körpəlikdən həyatın min bir çətinliyini görən, ata-ana qayğısından uzaq böyüyən Səbuhi ilə halallaşmağa gəlmişdi...
Cənnətdəki doğum günün mübarək, Səbuhi balamız!
Mina RƏŞİD