30.03.2026, 21:01
AZ EN
30.03.2026, 16:22 67

Deputat: "31 Mart soyqırımı xalqımızın tarixində baş vermiş ən ağır faciələrdən biridir"

YAZILAR
  • 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində baş vermiş ən ağır faciələrdən birinin anım günüdür. Bu tarix yalnız bir günün deyil, xalqımıza qarşı uzun illər davam etmiş məqsədyönlü etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsidir.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq bu hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib:

“Bu qərar milli yaddaşın bərpası və tarixi ədalətin təmin olunması istiqamətində mühüm dönüş nöqtəsi olub.

Tarixi faktlar göstərir ki, XIX əsrin əvvəllərindən etibarən Cənubi Qafqazda demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsi, azərbaycanlı əhalinin sıxışdırılması və zorla köçürülməsi prosesi mərhələli şəkildə həyata keçirilmişdir. 1905-1907-ci illərdə baş vermiş hadisələr, 1918-ci ilin mart-aprel qırğınları, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindən deportasiyası, eləcə də XX əsrin sonlarında Qarabağ münaqişəsi çərçivəsində həyata keçirilmiş etnik təmizləmə siyasəti bu prosesin davamlı xarakter daşıdığını sübut edir.

1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan və digər ərazilərdə dinc azərbaycanlı əhaliyə qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilmişdir. Minlərlə insan yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri yandırılmış, məscidlər və tarixi abidələr dağıdılmışdır. Bu hadisələr təsadüfi deyil, sistemli və təşkilatlanmış zorakılıq aktları idi.

Xüsusilə Şamaxı qəzasında baş vermiş qırğınların miqyası aparılan araşdırmalar nəticəsində daha aydın şəkildə üzə çıxmışdır. Fövqəladə İstintaq Komissiyasının sənədləri və sonrakı tədqiqatlar göstərir ki, onlarla kənd dağıdılmış, minlərlə insan qətlə yetirilmişdir. Quba bölgəsində aşkarlanan kütləvi məzarlıq isə 1918-ci il hadisələrinin real və maddi sübutu kimi tariximizin qanlı səhifələrindən birini təsdiqləmişdir. Dövlətimizin təşəbbüsü ilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksi bu faciələrin unudulmaması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır”.

Deputat bildirib ki, 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş kütləvi qırğınlar və kəndlərin dağıdılması da xalqımıza qarşı yönəlmiş sistemli zorakılıq siyasətinin tərkib hissəsi idi:

“İrəvan quberniyasında yüzlərlə yaşayış məntəqəsinin məhv edilməsi və on minlərlə azərbaycanlının öldürülməsi həmin dövrün demoqrafik mənzərəsini köklü şəkildə dəyişdirib.

Bu hadisələrin uzun illər beynəlxalq ictimaiyyətə lazımi səviyyədə çatdırılmaması, Sovet dövründə bir çox sənədlərin gizlədilməsi və ya məhv edilməsi həqiqətlərin üzə çıxarılmasını çətinləşdirmişdir. Lakin müstəqillik dövründə aparılan elmi araşdırmalar, arxiv sənədlərinin tədqiqi və beynəlxalq platformalarda aparılan məlumatlandırma işi nəticəsində tarixi həqiqətlər getdikcə daha geniş auditoriyaya təqdim olunur.

Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı imzaladığı Sərəncam, eləcə də müxtəlif beynəlxalq tədbirlərdə səsləndirilən prinsipial mövqe göstərir ki, Azərbaycan dövləti tarixi ədalətin təmin olunması istiqamətində ardıcıl və qətiyyətli siyasət həyata keçirir. Bu siyasətin əsas məqsədi tarixi həqiqətlərin obyektiv şəkildə tanıdılması və gələcəkdə bu kimi faciələrin təkrarlanmaması üçün beynəlxalq hüquqi və mənəvi mühitin formalaşdırılmasıdır.

Bu gün 31 Martı anarkən biz yalnız faciə qurbanlarının xatirəsini yad etmirik. Eyni zamanda milli birliyimizi, tarixi yaddaşımızı və dövlətçilik iradəmizi bir daha nümayiş etdiririk. Tarixi hadisələrin elmi əsaslarla araşdırılması, sənədləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması hər birimizin üzərinə düşən məsuliyyətdir.

Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla anır, xalqımıza sülh, sabitlik və davamlı inkişaf arzulayıram. Tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə ötürülməsi milli borcumuzdur və bu istiqamətdə fəaliyyət bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək”.  (Trend)

Oxşar xəbərlər