Bu sənəd tullantı probleminə həsr olunmuş digər qətnamələr, o cümlədən 2022-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühitlə bağlı Assambleyasında qəbul edilmiş “Plastik çirklənməyə son qoymaq: beynəlxalq hüquqi qüvvəyə malik sənədə doğru” qətnaməsindən sonra sıralamada yer alır.
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Məskunlaşma Proqramı (UN-Habitat) Beynəlxalq Sıfır Tullantı Gününün qeyd edilməsini birgə təşviq edirlər. Beynəlxalq Sıfır Tullantı Gün şərəfinə üzv dövlətlər, Birləşmiş Millətlər Təşkilatı sisteminin təşkilatları, vətəndaş cəmiyyəti, özəl sektor, elmi dairələr, gənclər və digər maraqlı tərəflərə tullantı problemini həll etmək üçün milli, submilli, regional və yerli təşəbbüslər və onların davamlı inkişafa verdiyi töhfələr barədə məlumatlılığın artırılmasına yönəlmiş tədbirlərdə iştirak etmək təklif olunur.
BMT əmindir ki, bu beynəlxalq gün çərçivəsində tullantılar problemini həll etmək üçün təşəbbüslərin dəstəklənməsi 2030-cu ilə qədər davamlı inkişaf sahəsində Gündəliyin bütün məqsəd və vəzifələrin, o cümlədən 11 və 12-ci Davamlı İnkişaf Məqsədlərinin irəliləməsinə kömək edəcək. Bu məqsədlər ərzaq məhsulları itkisi və israfçılıq, təbii sərvətlərin hasilatı və elektron tullantılar da daxil olmaqla bütün növ tullantılarına aiddir.
2026-cı ildə Beynəlxalq Sıfır Tullantı Günü mövzusu əsas diqqəti qida məhsullarına — nə yediyimizə, nəyi atdığımıza və dairəvi iqtisadiyyata necə hərəkət edə biləcəyimizə yönəldib.
Qlobal miqyasda qida məhsulları çox böyük miqdarda atılır. Hər il təxminən 1 milyard ton qida məhsulları atılır ki, bu da istehlak edilən bütün qidanın təxminən beşdə birini təşkil edir. Bu, həm insanlara, həm də ətraf mühitə mənfi təsir göstərir.
Qida tullantılarının təxminən 60 faizi ev təsərrüfatları səviyyəsində yaranır. Qalan hissəsi isə qida xidməti və pərakəndə satış sektorlarına təsadüf edir ki, bu da istehsal, paylama və istehlak da daxil olmaqla qida sistemlərindəki səmərəsizliyin nəticəsidir. Problemi həll etmək üçün bu sistemlər yenidən layihələşdirilməlidir, eyni zamanda, səmərəliliyə, dayanıqlığa və ətraf mühitə uyğunluğa əsaslanan daha dayanıqlı, dairəvi bir yanaşmaya keçid edilməlidir.
Bu məsələnin həllində hər kəs iştirak etməlidir. Həm milli, həm də yerli səviyyədə hökumətlər qida tullantılarının azaldılmasına dair tədbirləri iqlim və biomüxtəliflik strategiyalarına inteqrasiya edə bilərlər. Hökumətlər 12.3 və 11.6-cı Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində hədəflər müəyyən edə, məlumat sistemlərini gücləndirə və dairəvi qida sistemlərini dəstəkləyən infrastruktura və tərəfdaşlığa investisiya qoya bilərlər.
Özəl sektor itkiləri ölçməyə və onları azaltmaq üçün addımlar atmağa başlaya bilər. Bu qida tullantıları barədə hesabatların təkmilləşdirilməsi, təchizat zəncirlərinin səmərəliliyinin artırılması, pərakəndə satış şəbəkələrinin yenidən layihələşdirilməsi və artıq qidanın şəffaf və dairəvi biznes modelləri vasitəsilə yenidən paylanmasını əhatə edir.
İstehlakçılar qidalanmalarını daha yaxşı planlaşdıra, düşünülmüş alış-verişlər edə, qidanı düzgün saxlaya və qonşuları ilə paylaşaraq, qalıqları təkrar istifadə edərək və qaçılmaz üzvi tullantıları kompostlaşdıraraq alınan qidadan tam istifadə edə bilərlər.
Hamımız birgə səy göstərsək - qidanı ağıllı şəkildə istehlak edərək, artıq qidanı təkrar emal edərək və dairəvi qida sistemlərinin yaradılması üzərində işləyərək - sıfır tullantısız bir gələcək mümkündür. (AZƏRTAC)