03.02.2026, 18:24
AZ EN
03.02.2026, 16:30 107

Simonyan: "Rusiyanın "Tramp marşrutu"na qoşulması absurddur”

XƏBƏRLƏR
  • "Rusiyanın "Tramp marşrutu"na qoşulması nəinki real deyil, həm də absurddur”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur əhlizinə Rusiyanın qoşulması ehtimalına dair açıqlamasında deyib. O, bildirib ki, TRIPP layihəsi əsasən erməni-amerika təşəbbüsü kimi hazırlanıb: "Ona görə də Rusiyanın bu layihəyə qoşulub-qoşulmayacağına  dəqiq proqnoz vermək olmur".

Ermənistan parlamentinin spikeri əlavə edib ki, əgər söhbət ayrıca bir marşrut və ya yolun yaradılmasından gedirsə, bu müstəqil layihə kimi reallaşdırılmalıdır: "TRIPP çərçivəsində belə bir addım absurd görünür, çünki təşəbbüsün effektivliyini faktiki olaraq zədələyər".

Rusiyanın bu layihəyə qoşulmaq üçün nə dərəcədə maraq göstərməsinə gəlincə, Alen Simonyan bunu dövlətlərin adi təcrübəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, dövlətlərin bölgədə nüfuzunu gücləndirmək və beynəlxalq arenada iştirakını genişləndirmək istəməsi təəccüblü deyil.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova ötən həftə keçirdiyi brifinqdə ölkəsinin "Tramp Marşrutu" layihəsinə qoşulmasının mümkün variantları haqqında danışarkən belə demişdi: ""Tramp marşrutu" adlandırılan layihə və Rusiya Dəmir Yollarınının unikal ekspertizasını nəzərə alsaq, biz öz qoşulma imkanlarımızı araşdırmağa hazırıq. Lakin əvvəlcə, yəqin ki, bu təşəbbüsün həyata keçirilməsi və işləməsi ilə bağlı bütün detallarla yaxından tanış olmaq lazımdır. Biz belə anlayırıq ki, onun işlənməsi hələ yalnız ilkin mərhələdədir".

Elxan SALAHOV

Oxşar xəbərlər