Azıx mağarası Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 kilometr aralıda yerləşir. Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 kilometr şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağaranın sahəsi 800 kvadratmetr, uzunluğu 600 metrdir. Burada bəzilərinin hündürlüyü 20-25 metr olmaqla 8 dəhliz var.
Azıx mağarası 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunub. Aparılmış tədqiqatlar zamanı həmin ərazidə 10 mədəni təbəqə aşkarlanıb. Mağarada Quruçay, Aşel və Mustye mədəniyyətləri dövründə yaşayış olduğu müəyyən edilib.
Düşərgədə aparılan arxeoloji tədqiqat işlərində ilk vaxtlar ancaq Azərbaycan alimləri iştirak edib. Lakin sonralar çoxtəbəqəli paleolit düşərgəsində aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi, kompleks şəkildə arxeoloji qazıntı işlərinin aparılmasını zərurətə çevirib. Bundan sonra mağarada arxeoloqlarla yanaşı digər elm sahələrinin mütəxəssisləri də tədqiqatlar aparıb. Həmin tədqiqatlar nəticəsində paleolit dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid zəngin elmi materiallar aşkar edilib.
Torpaqlarımızın işğalı dövründə erməni vandalizminin təsirləri Azıx mağarasından da yan keçməyib. Hətta ermənilər öz xislətinə uyğun olaraq bu qədim yaşayış məskənini də saxtalaşdıraraq özününküləşdirməyə cəhd edib. 2020-ci ilin noyabr ayında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, professor Nəcəf Müseyibli işğaldan azad edilmiş Azıx kəndindəki evlərdən birinə baxış keçirərkən üzərində "Azıx" yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar edib. Baxış zamanı 90-a yaxın plastik qutuda işğal müddətində Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkarlanan tapıntılar olduğu müəyyənləşib. Həmin tapıntılar sonradan Bakıya gətirilərək Arxeoloji Fondda yerləşdirilib. Ötən ilin noyabrında isə Almaniya, Yaponiya və Danimarka elmi mərkəzləri ilə bağlanmış memorandumlara uyğun, Azıx mağarasına müştərək beynəlxalq ekspedisiyalar təşkil edilib.
Röya SALMANQIZI