01.12.2025, 10:38
AZ EN
01.12.2025, 09:00 10

Elə bilirəm, Cavid gələcək...

XƏBƏRLƏR
  • Anası deyir ki, müharibənin başlamasını Cavid gedəndən sonra televizorda eşitdim. Sentyabrın 28-də balamla danışdım. Dedi ki, yaxşıyam, amma harada olduğunu demədi. Cavid hərbi xidmətə getməyə tələsirdi. Çünki onu bir az gec apardılar, texnikumda oxuyurdu. İki qardaş bir-birinə çox bağlı idilər Cavid şəhid olanda qardaşına demədim, dostlarından eşitdi. Balamın atası da müharibə veteranı idi, Cavid 4-cü sinifdə oxuyanda rəhmətə getdi. Hərbçi olmaq istəyirdi və arzusuna çatdı. Mənim də xoşum gəlirdi o hərbi geyimdən. Cavid zarafatcıl, mehriban uşaq idi. Doğum günündə qaçırdı üstümə, məni qucaqlayıb öpürdü. Deyirdim ki, sənin ad günündü. Deyirdi, birinci sənsən, sonra mən... Ad günündə ona nişan aparmağa hazırlaşırdıq... Cavidin səsi hər gün qulağıma gəlir. Onda özümdən asılı olmayaraq qapıya sarı gedirəm, elə bilirəm ki, o gələcək...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Cavid Fərhad oğlu Cəfərovun doğum günüdür. O, 1 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. 2000-2009-cu illərdə Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009-2013-cü illərdə Sumqayıt Dövlət Texniki Kollecində təhsilini davam etdirib. 2013-cü ildə kolleci "nəqliyyatda daşımaların və idarə etmənin təşkili” ixtisası üzrə bitirib.
2016-cı ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanan Cavid Cəfərov 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurub. Həmin ilin 13 oktyabr tarixindən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi "N" saylı hərbi hissədə xidmətini davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Cavid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Cavid Cəfərov 1 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində yaralı komandirini xilas edərkən qəhrəmancasına şəhadətə ucalıb.

Tezliklə nişan mərasimi olacaq şəhidimizin adına hazırlanmış xonçalar onun Sumqayıt Şəhidlər Xiyabanındakı məzarının üzərinə qoyulub...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cavid Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər