M.Quliyev 1994–1997-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, Respublikanın Baş həkim-əmək eksperti, 1997–2000-ci illərdə isə həmin nazirlikdə idarə rəisi vəzifələrində çalışıb. O, bu dövr ərzində Qarabağ müharibəsi əlillərinin ekspertizası, reabilitasiyası, o cümlədən protezləşməsi və ölkə xaricində müalicə-bərpa kursları keçməsinin təşkil olunmasında yaxından iştirak edib.
Musa Urud 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.
O, “Nuh gəmisinə götür bizi”, “Tanrı şam yandırıb”, “Ömürdən 101 şeir”, “Üzü haqqa gedirəm”, “Urud”, “Haqqın var yaşamağa” və başqa kitabların müəllifidir. Musa Urudun yurd ətirli şeirlərindən oxucularımıza təqdim edirik.
QARABAĞ AZƏRBAYCANDIR!
Zülmət yaran oğullar döndü nura qayıtdıq,
Qarabağa qayıtdıq, Zəngəzura qayıtdıq.
Qəlbimizdə bir Kitab, iki Surə qayıtdıq:
Qarabağ Azərbaycandır!
Şükür sənə İlahi, Azan səsi eşitdik,
Qarabağda 30 il azan səsi eşitdik.
Şərəfli bir tarixi yazan səsi eşitdik:
Qarabağ Azərbaycandır!
Gözümüzdə qalmadı – arzu, muradı gördük,
“Qənimətlər parkı”nı, “Zəfər Paradı” gördük.
Dəmir yumruq, tunc inam, polad iradə gördük:
Qarabağ Azərbaycandır!
Dağı, daşı, meşəsi, səması da bizimdir,
Odu, suyu, torpağı, havası da bizimdir.
Zəfərə gedən yolun Nidası da bizimdir:
Qarabağ Azərbaycandır!
Qarabağ bu millətin yeni qibləsi oldu,
Ata öyüdü oldu, ana duası oldu.
Ali Baş Komandanın zəfər müjdəsi oldu:
Qarabağ Azərbaycandır!!!
QAYITDIQ
Qırx dörd gün şərəfə şan qovuşdurdu,
Gecəni səhərə dan qovuşdurdu,
Bizi qəm ayırdı, qan qovuşdurdu
Hər daşı qibləgah Şuşam, qayıtdıq.
Pənah xan şəhəri, pənahım şəhər,
Son arzum, ümidim, son ahım şəhər,
Qarşında çoxsa da, günahım şəhər
Nə pərvanə döndü, nə şam, qayıtdıq.
Salam Cıdır düzü, İsa bulağı,
Topxana meşəsi, qoca Kirs dağı,
Salam, Gövhərağam, pirim, ocağım,
Uca minarəsi qoşam, qayıtdıq.
Qürurla yellənsin üçrəng bayrağın,
Ocağın gur yansın, artsın növrağın,
Gözün aydın olsun, Vətən torpağı,
Zəfərin mübarək, Paşam, qayıtdıq.
PAŞAM, HEEY!!!
Yolun haqq yoludur, yoluna qurban,
Torpağına qurban, elinə qurban,
Sinəndə açılan gülünə qurban
Laləzar olubdur səngər, Paşam, hey!
Azadlıq eşqinə, Vətən eşqinə,
Döyüşdən döyüşə atıldın yenə
Göylərin ulduzu qondu çiyninə
Gözündə açıldı səhər, Paşam, hey!
Qəhrəman millətin şəhidi ölməz,
Qisası alınar, Vətən bölünməz,
Soyundan bəllidir, polad əyilməz
İgidə yaraşar Zəfər, Paşam, hey!
Qələbə bizimdir, əzilər yağı,
Dönər gülüstana Vətən torpağı,
Əlində üçrəngli Zəfər bayrağı
Əmrini gözləyir əsgər, Paşam, hey!
Hazırladı: Mina RƏŞİD