12.05.2025, 00:03
AZ EN
07.07.2023, 14:21 319

Mənə bu xəbəri qəfil deməyin

YARADICILIQ
  • Tanınmış şair, Əməkdar jurnalisti Adil Cəmil (Cəmilov Adil Savalan oğlu) 1954-cü il oktyabrın 8-də Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olub. Kəlbəcərdə ibtidai məktəbi, Mingəçevirdə 9 saylı orta məktəbi bitirib. ADU-nun jurnalistika fakültəsində təhsil alıb (1972-1977). "Yazıçı" nəşriyyatında poeziya redaksiyasının redaktoru olub (1977-1990).

Adil Cəmil "Həqiqət" qəzetində baş redaktor, “Bakı” qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor (1990-1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993-1994), "Binəqədi" rayon qəzetinin redaktoru (1994-2001) işləyib. Hazırda “Ədəbiyyat qəzeti”ndə şöbə müdiri vəzifəsində çalışır.

Bir çox kitabların müəllifi olan Adil Cəmil bədii tərcümə ilə də məşğul olur. Onun rus, belorus, özbək, Latın Amerikası poeziyasından etdiyi tərcümələr qəzet, jurnal və toplularda dərc edilib. Şairin mənzum formada tərcümə etdiyi “Manas” qırğız xalq qəhrəmanlıq dastanından müəyyən hissələr Azərbaycan mətbuatında çap olunub.

İstedadlı şairin Vətən, Kəlbəcər qoxulu şeirlərindən “Vətən səsi” saytının oxucularına təqdim edirik.  

 

MƏNƏ BU XƏBƏRİ QƏFİL DEMƏYİN

Mənə bu xəbəri qəfil deməyin -

Axan göz yaşıma gülə bilərəm.

Dərd-qəmin içində çox ölmüşəm mən,

İndi də sevincdən ölə bilərəm.

 

Mənə bu xəbəri qəfil deməyin -

Düşünün qəfildən öləcəyimi.

Yenilməz əsgərim qaytarır geri

Keçmişə söykənən gələcəyimi.

 

Mənə bu xəbəri qəfil deməyin -

Qanımı dondurar sevinc təlaşı.

Vətən həsrətinin yaşı qədərdi

Vətənçün döyüşən əsgərin yaşı.

 

Mənə bu xəbəri qəfil deməyin,

Eşidib-gördüyüm yuxudu yəqin.

Düşmənin bağrına sancılan qurşun

Mənim nifrətimin oxudu yəqin.

 

Mənə bu xəbəri qəfil deməyin,

Qəmin də karvanı ötən olurmuş...

Vətən savaşında, yurd davasında

Hər insan bir zərrə vətən olurmuş...

  

ŞUŞAMA ŞÜKÜR

Burda diz çökürük torpağa, daşa,

O yanda Kirs dağı, bu yanda Şuşa.

Laçınla qol-boyun, qoşama şükür,

                                    Şuşama şükür.

 

Biz zəfər yoluyla gəldik qoynuna,

Sarmaşdıq yenilməz qala boynuna.

Bu ömrə, bu günə, yaşama şükür,

                                    Şuşama şükür.

 

Qovuşduq tökülən qan bahasına,

Səni bayraq etdik Göy yaxasına.

Yumruğu dəmirdən paşama şükür,

                                    Şuşama şükür.

 

 

EVİMİN

Diz çökərək səcdəsinə gəlmişəm

Yurd yerində yeri qalan evimin.

Damı, daşı daşınaraq yox olub

Torpaq üstdə tiri qalan evimin.

 

Bu ev mənim bir ömürlük itiyim,

Burdan başlar sevildiyim, sevdiyim.

Heç bilmirəm harasına ev deyim

Bir sümük, bir dəri qalan evimin.

 

Çəkilməyən ağrısı var bu qəmin,

Yurd bağrına çəkilən bu sitəmin.

Bir yerində izi yoxdur, dədəmin

Hər daşında təri qalan evimin.

 

Solub getmiş gülzarına baxıram,

Cəngəl basmış hasarına baxıram,

İndi dönüb məzarına baxıram

Xəyalımda diri qalan evimin.

 

ÖNCƏ VƏTƏN

Şəhid məzarları önündə

düşündüklərim

 

Onların gen dünyası

necə sığışıb, Allah,

bu məzar darlığına?!

Tanrının dərgahından

qəbrinə baxan şəhid

sanki meydan oxuyur

ölümün varlığına.

 

Bu torpağa gömülən

Ruh yox, yalnız bədəndir.

Şəhid məzarlığında

torpağın hər zərrəsi

Məkkəyə, Mədinəyə

bərabərdir və təndir.

Ömür-gün sonra gəlir,

öncə gələn vətəndir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər