22.11.2024, 02:48
AZ EN
30.08.2023, 17:24 230

HƏSRƏTİNDƏYƏM

YARADICILIQ
  • Maşallah Fətullah oğlu İbrahimov 1953-cü ildə Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. 1984-1990-cı illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib, uzun illər Kolxoz sədri işləmişdir. Maşallah müəllim elini-obasını sevən, vətənpərvər, elin-obanın hörmətini qazanmış ağsaqqallarımızdan biridir. Qubadlının işğalından sonra yurd həsrətilə çoxlu sayda şeirlər yazmışdır. Bir neçə kitabın müəllifidir.

 

QUBADLI

 

Gecənin birində bir qartal olam,

Uçub dağlarına qonam, Qubadlı.

İnsanam, insan tək bir nəfəs alam,

Mənim yaradanım, anam, Qubadlı.

 

Qürbət eldə artıq təngə gəlmişəm,

Sənsizliyin nə olduğun bilmişəm.

Hər nə görmüşəmsə səndə görmüşəm,

Bəlkə gördüyümü danam, Qubadlı.

 

Səni axtaracam, neçə ki, varam,

Sənsiz sağalarmı, ey vətən, yaram.

Yad odlara atsalar da yanmaram,

Alışıb oduna yanam, Qubadlı.

 

Zaman nəzmə çəkdi, oldum tari-mar,

Pərən-pərən oldu yazıq insanlar.

Maşallaham, vardı arzum ürəkdə,

Çox şükür indi azadsan, Qubadlı!

 

HƏSRƏTİNDƏYƏM

 

Mən bilə bilmirəm bu qürbət eldə,

Hansı bucaqdayam, hansı tindəyəm.

Min-min aran olsun, min-min dağ olsun,

Yenə o dağların həsrətindəyəm.

 

Daha söz tapmıram, düzü, dağlara,

Kaş düşə şairin izi dağlara.

Hər səhər baxıram üzü dağlara,

Bircə ovuc qarın həsrətindəyəm.

 

Daşlara tuş gəldi eşqim əzəldən,

Yarıya bilmədim heç bir gözəldən.

Deyin günahımı, nə etmişəm mən,

Şırşır bulaqların həsrətindəyəm.

 

Maşallah, ürəyimdə dağım var,

Bu bir həqiqətdir, deyirəm aşkar:

Əliquluuşağı əvəzsiz diyar,

Çiçəkli bağların həsrətindəyəm!

Hazırladı: Tahirə AĞAMİRZƏ

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR