Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləyib. 1968-ci ildə Bakı şəhərinə köçüb və “Azərbaycan gəncləri” qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışıb. “Kommunist” qəzetində müxbir və şöbə müdiri olub.
1990-cı ildə “Mədəniyyət” qəzetini təsis edib və ömrünün sonunadək qəzetin baş redaktoru kimi fəaliyyət göstərib.
Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində vəfat edib.
2014-cü ilin fevral ayında “Şahmar Ədəbi Məclisi” təsis olunub. Ş.Əkbərzadənin Vətən ətirli şeirlərindən bir neçəsini “Vətən səsi”nin oxucularına təqdim edirik.
DAYANIN!
Mənə əl eləyən əllər dayanın,
Boynuma dolanan qollar dayanın,
Çiçəklər dayanın, güllər dayanın,
Məni ötürməyə tələsməyin siz.
Hələ ocaqlardan od əmməmişəm.
Dərdimi Araza göməmməmişəm,
Vüsalın ətrinə bələnməmişəm,
Məni ötürməyə tələsməyin siz.
Dərddən hayıf çıxmamışam doyunca,
Onu daşa çaxmamışam doyunca,
Ərk qalama baxmamışam doyunca
Məni ötürməyə tələsməyin siz.
Qoyun sevincimi selə döndərim,
Günümü uzadıb ilə döndərim ,
Dəli həsrətimi külə döndərim ,
Məni ötürməyə tələsməyin siz.
Səttərxanın məzarını öpməmiş,
Torpağını gözlərimə səpməmiş,
Ayrılığa dəli nərə təpməmiş,
Məni ötürməyə tələsməyin siz.
Təbriz, 1992-ci il.
TƏZƏ NAĞARA
Sitəm görəcəksən ulduzlar sanı,
Bir azdan başına od ələnəcək.
Dodaqlar öpəcək qara zurnanı,
Səninsə sifətin sillələnəcək.
Hələ təpər topla, dözüm yığ hələ,
Qanları coşdurub qaynatmalısan.
Üzünə çırpılan sillələr ilə
Toya gələnləri oynatmalısan.
Bir azdan üstünə düşəcək əllər,
Səni nağaraçı yesir edəcək.
Ağrından həzz alıb süzən gözəllər
Fəryadın üstündə yallı gedəcək.
Bu alın yazındı, nə küs, nə inci,
Çırtma çatlayacaq qaşında sənin.
Dərdə bax, hamının toyu, sevinci
Qapaza dönəcək başında sənin.
Alın yazısından qaçmayıb heç kim,
Sitəmə sinə gər, qəmə qələm çək!
Yediyin sillələr qorxma əzizim,
Şəninə əskiklik gətirməyəcək.
Qoşa şapalağa dözəcək dərin,
Nalən musiqiyə dönəcək hökmən,
Qəm yemə, nağara, döyülənlərin
Bütün yer üzündə xoşbəxti sənsən.
Bəxtəvər başına, sillələn nə qəm,
Sillələr ömrünə nur ələyəcək.
Dərd mənim dərdimdir, sabah bilmirəm
Kimlər taleyimi sillələyəcək!
HANI?
Xoş gördük, a yerlər, a göylər salam,
Gəldim o yerlərdən bir salam alam.
Danış bənövşəli, laləli talam
Ölüb dirildiyim o anım hanı?
İlk eşqin qisməti gətirməyirsə,
Talada görməsin günahı kimsə,
Andına eşqinə dönük mənəmsə
Bəs əhdinə vəfalı olanım hanı?
Tutulub göylərin qaşı qabağı,
Dindirə bilmirəm şahid qovağı,
Soruşa bilmirəm ayrılıq çağı
Arxamca gözləri dolanım hanı?
Sənsiz bu yerlərdə şirin avazam,
Kövrələ-kövrələ axan Arazam,
“Yanıq Kərəm”yə köklənmiş sazam
Dindirənim hanı, çalanım hanı?
LAÇINLI ŞAHVERDİ DƏDƏYƏ
Çoxdandır burnumun ucu göynəyir,
Şirin söhbətindən, sözündən ötrü.
Söhbət bəhanədir, vallah, ay dədə,
Özüm divanəyəm özündən ötrü.
Könlümdə bir dəli həsrət kişnədi,
Bu dünya gözümdə sənsiz heç nədir.
Özüm də bilmirəm niyə təşnədi,
Gözüm Gözbulağın gözündən ötrü?
Küsməyə haqqı var o dağların da,
Lilparlı, yarpızlı bulaqların da,
Bir il yarımdır ki, dodaqlarımda
Bir öpüş göynəyir üzündən ötrü.
Bahar yal-yamaca gül ələyibdir,
Xəyalım o yerə iməkləyibdir,
Sinəmdə qəm-qüssə çiçəkləyibdir
Başyurdun çiçəkli düzündən ötrü.
Mıxtökən zirvəsi göz diksin bizə,
O dağlar nəriylə duraq üz-üzə,
Dədə-bala bardaş quraq diz-dizə,
Dizim həsrət çəkir, dizindən ötrü.
Hövcələm tükənib ay ili sayır,
Hər gün görüşünə ümid bağlayır,
Mərmər səkilərdə izim ağlayır
Şehli çəməndəki izindən ötrü.
Hazırladı: Mina RƏŞİD