22.11.2024, 01:51
AZ EN
13.02.2023, 11:39 403

Göyçə viran oldu, kəndlər dağıldı

YARADICILIQ
  • Şair Nağıyev Əliyar Oruc oğlu 1962-ci ildə qədim Göyçə mahalının Qayabaşı kəndində anadan olub. İbtidai təhsilini doğma kəndlərində alıb. Orta təhsilini Göyçə mahalının Qoşabulaq kəndində bitirib. Dərslərindən əla qiymətlər alan Əliyar saza, sözə bağlı olub. Hələ kiçik yaşlarından şeirlər yazmağa başlayıb.

1979-cu ildə Bakı şəhərində Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna qəbul olunub. 1980-1982-ci illərdə Kazan şəhərində hərbi xidmətdə olub. 1987-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirib, inşaatçı kimi işə başlayıb. 1994-cü ildən Rusiyanın Orenburq vilayətinə köçüb, ailəsi ilə burada yaşayır. 
Ə.Nağıyev qürbətdə yaşasa da, doğulduğu Göyçə mahalını, elini-obasını unutmur. Yazdığı şeirlərdə Yurd həsrətini dilə gətirir. “Vətən səsi” oxucularına onun Vətən qoxulu şeirlərindən təqdim edir və istedadlı şairə tezliklə doğma Göyçəyə qovuşmasını arzulayır.


AZƏRBAYCAN

Cəbrayıl, Qubadlı, Ağdam, Zəngilan
Bunlar öz tarixi torpaqlarımdı.
Şuşa şah damarım, Xankəndi canım,
Xocalı tarixdə qan yaddaşımdı.

Laçınla, Kəlbəcər qolum, qanadım,
Füzuli, Tərtəri necə unudum.
Təbriz qan qardaşım, Borçalı yarım,
Dərbənd damarımda axan qanımdı.

Göyçə qibləgahım, Məkkəm, Mədinəm,
Zəngəzur sinəmdə yarama məlhəm,
İrəvan amalım, məslək, əqidəm
Hamısı bir bütöv Azərbaycandır!

 

KƏNDİMİN

Nə bir səs-soraq var, nə gəlib, gedən
Görəsən necədir halı kəndimin?
Düşmən tapdağında tari- mar oldu,
Qalıbmı daş üstə daşı kəndimin?

Min illik bir tarix oda qalandı,
Bir mahal yerindən- yurdundan oldu,
Göyçə viran oldu, kəndlər dağıldı
Qovuşdu tarixə adı kəndimin.

Unutmaq olmayır dağı, aranı
Hacı Xıdır oğlu İsgəndər hanı?
Qoymuşdu o kəndin təməl daşını
Olmuşdu mahalda bəyi kəndimin.

Çox ellər dolaşdım, çox yerlər gəzdim
Hər eldə, obada duz- çörək kəsdim,
Mən onu heç nəyə dəyişəmmədim,
Getməyir ağzımdan dadı kəndimin .

Əlyar necə dözsün belə bir dərdə?
Vətən yad əllərdə, özü qürbətdə,
Bu dərdə dözəmməz vallah hər bəndə
Çəkilmir sinəmdən dağı kəndimin...
Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR