Şuşam, sabahın xeyir!
Ey böyük dünyanın böyük şəhəri,
Ötən qaranlığın parlaq səhəri!
Qırx dörd qələbənin zirvə Zəfəri,
Ey əziz Vətənim, ey Azad Şuşa,
Hər saat dirçələn, ey abad Şuşa,
Sabahın xeyir!
Sən ey haqq aşiqi, ey haqq aşığı,
Ölməz şəhidlərin qan qarışığı...
Sən ey bu dünyanın tək yaraşığı,
Ey Xarıbülbülün məkanı Şuşa,
Ey vurğun könlümün cahanı Şuşa,
Sabahın xeyir!
Uca bayrağımın uca yurd yeri,
Ey qəhrəman yeri, sən ey mərd yeri!
Ey xain düşmənin daim dərd yeri,
Döyüşdə, qeyrətdə birinci Şuşa,
Şeirdə, sənətdə bir inci Şuşa!
Sabahın xeyir!
Ey qədim divarı, barısı gözəl,
Körpəsi, cavanı, qarısı gözəl!
Günəşi, çiçəyi, arısı gözəl,
Ey yaşıl cənnətin İrəmi Şuşa,
Tanrının xalqıma kərəmi Şuşa!
Sabahın xeyir!
Ölkəmin butası, bəzəyisən sən,
Millətin gözüsən, bəbəyisən sən,
Sevgimin şəhdisən, özəyisən sən!
Dövranın səadət dövranı Şuşa,
Sən ey zamansızlıq zamanı Şuşa,
Sabahın xeyir!
Hazırladı: Mina RƏŞİD