01.12.2025, 11:29
AZ EN
27.11.2025, 16:16 289

Dağlar da unutmaz Dədə Şəmşiri...

YARADICILIQ
  • Bu günlərdə görkəmli söz ustası, Azərbaycanın Xalq şairi Vahid Əzizin 80 illik yubileyi qeyd edildi. Hörmətli şairimiz yubileyi ərəfəsində ölkə başçısının müvafiq sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olundu. Qərbi Azərbaycandan olan Vahid Əzizin doğma yurda, Qarabağa həsr etdiyi şeirləri oxucuların ən çox üz tutduğu poeziya nümunələrindəndir.

Onun 44 günlük Vətən müharibəsində yazdığı və Şanlı Zəfərimizlə bağlı şeirləri dillər əzbərinə çevrildi. İstedadlı şairimizi təbrik edir, onun doğma yurd nəfəsli şeirlərindən “Vətən səsi”nin oxucularına ərməğan edirik.    

 

KƏLBƏCƏRDƏ

 

Yolunu bizlərdən yaxşı salmısan,

gecənin bu vaxtı qapımı döyən.

Bu eldə hər kimin qonağı olsan

ya dastan yazandı, ya şeir deyən.

 

Çox evdə işıqlar sönməz gecələr,

aşıqlar göylərdən enməz gecələr,

comərdlər diyarı - ulu Kəlbəcər -

hər sözü oynadıb yerində deyən.

 

Hələ indiyədək görünər yeri -

dağlar da unutmaz Dədə Şəmşiri,

Vurğunla Ustadın deyişmələrı,

dillər əzbəridir - Ellər söyləyən.

 

Hansı diyarda var bir belə sərvət;

Bəhmən Vətənoğlu, Qəmdər, Sücayət;

bu eldə - Baş tacı - namusla qeyrət,

(biri də mən özüm - bu şeiri deyən).

 

Dünya "Daş muzeyi" - qədim Kəlbəcər,

bura Tanrı özü hərdən baş çəkər,

torpaq özü oldu zirehli əsgər,

qanlı kəfənini əyninə geyən.

 

Fərq etməz, bizlərdə "qışdı", ya "yaydı",

hər ev səni bu cür qarşılayardı,

hesab et: bacındı, ya qardaşındı,

hər kəs - gecə vaxtı qapımı döyən...

14.04.2024

 

ZƏFƏR MİLLƏTİMİN ALTUN TACIYMIŞ

 

Zəfər millətimin altun tacıymış,

özü yetməliymiş qisas zamanı,

həm savaş xəmiri çox acıyıbmış,

həm də müharibə acıymış hamı!

 

Görəndə şəhiddi nə cür igidlər,

qanları coşurdu mərd oğlanların,

hərbi hissələrə yeniyetmələr cumurdu –

“bizi də əsgər aparın!”

 

Yaralı tanıdım şirin qanıynan

udaraq söndürür qəlb acısını,

nişanın qaytarıb əsgər yollanan

sevdim neçə-neçə tibb bacısını.

 

Qaçqın nənələrin əli qaşında,

Yollara baxırdı – “nə oldu Şuşam?”,

Qonşuda bir ahıl – Doxsan yaşında,

döşünə döyürdü – “topçu olmuşam!”

 

Bu Zəfər millətin altun tacıymış,

Qələbə yetişdi Qırx dördcə gündə,

 həm “savaş xəmiri” çox acıyıbmış,

 millət müharibə “acıymış” həm də...

 

SƏN MƏNİM ƏBƏDİ QARABAĞIMSAN...

 

Yetişdin zirvənə, üçrəngli Bayraq!

Qarabağ – qəlblərdə atəşsən, odsan,

Dözdük hicranına alovlanaraq,

Düşmən elə bildi – “Unudulmusan”.

 

Qələbə gətirdi Bayraq özüylə,

Günü başlamaqda – “Vətən” sözüylə,

Yağı elə bildi “Cıdır düzüylə”,

Keflənib, hallanıb yerimək asan.

 

Dirçəldin – qəfəsdə quş olsan belə,

Həsrətli gözlərdə yaş olsan belə,

Bir şeyi bilirəm – daş olsam belə,

Qarabağ, köksündə ərimək asan!

 

Qurtardıq – Sərsəngi, əsir Tərtəri,

Ordunun dizində millət təpəri,

İndi “Xarıbülbül” adlı gülləri,

Doğma öpüşlərə bürümək asan.

 

Qarabağ, yenə də bəxtəvər görün,

Közərir kül tutmuş közün, kömürün,

Ötəri olsa da cahanda ömrüm,

Sən mənim əbədi Qarabağımsan...

 

 YADIMA DÜŞÜR

 

 Payızın eyvana dəyir qədəmi.

Nəmli məhəccərdən əlim sürüşür.

Dibçəkdə soluxan qızıl gül kimi,

Səni gözlədiyim yadıma düşür.

 

İndi xatirələr qalxır eyvana

Soyuq varlığımı bürüyə bilmir.

Çiskindən, dumandan, qəmdən o yana

Sənli xatirələr yeriyə bilmir

 

Yerdən çox hündürdə keçdi illərim.

Qəlbinə gah uzaq, gah yaxın oldum.

Hələ də məhbusdur, xatirələrim.

Mən sənin bir eyvan dustağın oldum.

 

O, qədər giley var bu qapılarda.

Hər elçi bir təzə yar gətirərdi.

Bir çinar mən qədər dursaydı, burda.

Bəlkə də həsrətdən bar gətirərdi.

 

Payızın eyvana dəyir qədəmi.

Nəmli məhəccərdən əlim sürüşür

Dibçəkdən boylanan qızıl gül kimi.

Səni gözlədiyim yadıma düşür...

 

BALABAN

(Qardaş Türkiyədə məskunlaşmış ustad, balaban ifaçımız Əlixan Səmədova)

 

Duyub milyon-milyon səslər içində,

həmən tanıyram - hankı Balaban!

Sonuncu ümidi sönən içində -

ağlayan kişidir sanki Balaban.

 

Ürək tar kimidir, ciyərlər - Kaman,

Zurna - coşan seldir, Sazlar - asiman,

Tütək - sürüləri qoruyan duman,

Davul - Ordu zəhmi, cəngi - Balaban.

 

Nə əhval pozandır, nə qulaq yorar,

adamın içindən bədbinlik qovar,

kübardır - çəkilib kənarda durar,

Zurnalar çalanda "Cəngi" - Balaban.

 

O - uca göylərdə durna qatarı,

ağac gövdəsinə bal yığan arı,

Günəş işığının Yeddi çaları,

üstəlik, Yeddi min rəngi - Balaban!

 

Çoxdan görüşmürdün Vahid Əziznən,

ayrı düşənlərdən - Dərələyəzdən,

məni körpəlikdən bəyaz bələkdə

öpüb-oxşayardın, sən ki, Balaban,

dindirin - nəğmələr, səslər içində

həmən tanıyaram - hankı Balaban...

08.04.2024

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər