Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Ramid Namazov söyləyib.
Deputat bildirib ki, Yekaterinburqda həmyerlilərimizə münasibətdə aparılan bu fəaliyyətlər həm də Rusiya Federasiyasının digər bölgələrində yaşayan azərbaycanlıları qorxudaraq arzuolunmaz seçim qarşısında qoymaq məqsədi daşıyır.
Vətəndaşlarımız və xarici ölkələrdə yaşayan həmyerlilərimiz yaxşı bilirlər ki, dünya azərbaycanlılarının Lideri ‒ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında və tapşırıqlarına uyğun olaraq, aidiyyəti dövlət qurumları hər zaman dünyanın istənilən bölgəsində yaşayan soydaşlarımızın hüquq və mənafelərinin qorunması istiqamətində lazımi addımlar atırlar.
“Apardığımız monitorinqlər əsasında deyə bilərik ki, baş verən proseslərlə bağlı xeyli saxta və dezinformasiya xarakterli informasiyalar paylaşılır. Vətəndaşlarımızı və xaricdə yaşayan həmvətənlərimizi yalnız Azərbaycanın dövlət rəsmilərinin verdiyi məlumatlara inanmağa, yalan informasiyalara uymamağa çağırırıq", - deyə R.Namazov vurğulayıb. (AZERTAC)