O, 1970-ci il noyabr ayının 1-də Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. Orta təhsilini doğulduğu rayonda alıb. İxtisasca jurnalist-filoloqdur. Namiq Dəlidağlının hələ orta məktəb illərindən yazıları Kəlbəcərdə çıxan “Yenilik” adlı rayon qəzetində və mərkəzi mətbuatda dərc edilməyə başlayıb. 1993-cü ildən dövri mətbuatda çalışır.
Namiq Dəlidağlının şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, “Kaspi”, “168 saat”, “Şəhriyar”, “Murovdağ”, “Vaxt”, “Yeni dünya”, “Səhifələr” və başqa qəzetlərdə, o cümlədən, “Xəzər”, “Ulduz”, “Cahan”, “Ali ziyalı”, “Xəzan”, "Ədəbi ovqat" və digər jurnallarda, internet saytlarında dərc edilib. O, 5 publisistik yazılardan ibarət kitabın və “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, "Əllidə ələnənlər" adlı şeir kitablarının müəllifidir. Şeirlərinə mahnılar bəstələnib.
Yazıçılar Birliyinin, Azərbaycan Mətbuat Şurasının və Jurnalistlər Birliyinin üzvü olan Namiq Dəlidağlı “Qızıl qələm”, “Müqəddəs qələm” və başqa ədəbi və media mükafatlarına layiq görülüb. Prezident mükafatçısıdır.
N.Dəlidağlı “Manevr.az”, “Dalidag.az” və “Sumqayitfakt.az” xəbər saytlarının təsisçisi, “Dəlidağ” Ədəbi Birliyi və Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsinin sədridir. Qardaş Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” və "Kaya" xəbər portallarının köşə yazarıdır. Onun Kəlbəcər ətirli bir neçə şeirini oxuculara təqdim edirik.
DƏLİDAĞ, SALAM OLSUN, MUROV, HƏR VAXTIN XEYİR!
İlahi, sənə şükür, diləyimiz çin oldu,
Kəlbəcərə dönürük...
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
Kəlbəcərə dönürük...
Möcüzə yaranıbdı - sirr qayası, sirr daşı,
Bu yurdun əvəzi yox-dür qayası, dür daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
Kəlbəcərə dönürük...
Kimin düşsə bu yerə güzarı - sevinəcək,
Qalmayacaq ağrısı-azarı, sevinəcək.
...Uluların torpağı-məzarı sevinəcək,
Kəlbəcərə dönürük...
Var olsun milli ordum, zəfər çalıb gəlirik,
Düşmənə qan uddurub, qisas alıb gəlirik,
Məğlub kimi çıxmışdıq, qalib olub gəlirik-
Kəlbəcərə dönürük...
Günahkartək yanına salıb qol-qanadını,
Xəcalət çəkib deməz daha heç kim adını,
Tarixin arxivinə atdıq "köçkün" adını,
Kəlbəcərə dönürük...
Acısını dadmışıq görün neçə il qəmin,
Daha ağrısın çəkmir ürək dərdin, dil qəmin,
Gözü aydın Şahbazın, gözü aydın Dilqəmin,
Kəlbəcərə dönürük...
Ta deyilsən yağıya girov, hər vaxtın xeyir,
Görməz başın çən-duman, qırov, hər vaxtın xeyir,
Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir,
QARABAĞ
Torpağın elə dadlı,
suyun elə şirindi,
havan elə gözəldi,
daşın elə ağırdı-
düşüb dünyanın başına...
BİR DİLƏYİM VAR
(Dostum Taleh Laçın üçün)
Bezdim bu şəhərin küçələrindən,
Bezdim bu şəhərin asfalt üzündən.
Çıxıb kəndimizə getməyim gəlir,
Geriyə dönməyə üzüm nə gəzir.
Ölüb qalmadım da o kənddə barı,
İndi qəbrim nələr boy atmışdı, boy,
Üstündə nə qədər çiçək bitmişdi,
Ağ, sarı, qırmızı... neçə rəngdə.
Həsəd aparırdı boz kəpənəklər,
"bəxtəvər" deyirdi çöl arıları.
Geriyə dönməyə nə ixtiyarım,
Geriyə dönməyə nə də, üzüm var,
bircə diləyim var, gedəm dağlara...
BAĞIŞLA NƏ GÜNAHIM VAR
Bir ilə yaxındır ki, ürək əməliyyatı keçirmişəm. Son günlər çox narahatam. Ürəyimin məni yarı yolda qoyacağından qorxuram. Axı, Kəlbəcəri görmək arzum var...
Əcəldən macal istədim,
Kəlbəcərə gedənəcən.
"Mamır olub dağ-daşında,
qayasında" bitənəcən.
Bəy atamın, xan atamın,
Yuvası viran atamın,
Ruhu nigaran atamın
Məzarından öpənəcən.
Min dərdim var, min ahım var,
Güvəndiyim Allahım var-
Bağışla, nə günahım var
Əlim Ora yetənəcən.
Dekabr, 2020-ci il
EVİMDƏ YATA BİLMƏDİM
Doğulub boya-başa çatdığım kəndimi ziyarət etmək fürsətim oldu. Ancaq uşaqlıq və gənclik xatirələrim divarlarına hopan evimizdə bircə gecə qalmaq imkanım olmadı.
Şər qarışdı, axşam düşdü,
Evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim-
Evimdə yata bilmədim...
Neçə ildi həsrət çəkən,
Dam - daşına qübar çökən,
Atam tikən, düşmən sökən,
Evimdə yata bilmədim.
Taledi - bir sınaq kimi,
Qınaq yox bu qınaq kimi:-
Bircə gecə qonaq kimi
Evimdə yata bilmədim...
Sərin-sərin yuxum gəldi,
Yeri sərin, yuxum gəldi,
Elə şirin yuxum gəldi,
Evimdə yata bilmədim.
Gözlərimdən min ah dərən-
Yuxularım pərən-pərən,
Xatirələrim bar verən,
Evimdə yata bilmədim.
Arzuma çatıb - dincəldim,
Başımı qatıb dincəldim.
Çöllərdə yatıb dincəldim,
Evimdə yata bilmədim!
Avqust, 2021-ci il.
Hazırladı: Mina RƏŞİD