“Dağlar mənim taleyimdir”, “Bu da belə dünyadır”, “Unudulmaz sözüm mənim” kitablarının müəllifidir.
Özünün dediyi kimi, ömrünün yarısını Kəlbəcər poeziyasının təbliğinə və araşdırmasına xərcləyən Bəhmən Dəlidağlı poeziyası göy üzündə haçalanan ağappaq bulud kimidir, yağışı da var, qarı da var, o pəmbə buludların arasından sıyırılb çıxaraq könülləri isidən günəşi də var... Onun könülləri oxşayan, ürəklərə yol tapan poeziyası azman dədələrimizin əzəli yurdu olan Kəlbəcəri vəsf edir...
Xəyalımda gəncliyimə qayıtdım,
Ötüb keçən il yadıma düşəndə.
Bu könlümü kövrək edən ayrılıq,
Göynədir o “dil“ yadıma düşəndə.
Doğulduğum daşı, damı istədim,
Kənddə qalan dadı, tamı istədim,
Gah atamı, gah anamı istədim,
O, öpdüyün əl yadıma düşəndə.
Dəlidağlı, qəm sinəmi dağladı,
Qara saçım, vaxtsız qırov bağladı,
Qərib-qərib könlüm yaman ağladı,
İtirdiyim, el yadıma düşəndə...
Şairin dağlar haqqında müxtəlif səpkili şeirləri var. Bütün dərdlərini dağlarda axtaran, dağlarla bölüşən şair deyir:
Başın çatır buludlara,
Başı qarlı uca dağlar.
Nəsilləri yola salan,
Dünyagörmüş qoca dağlar...
Örüşlərin biçənəkli,
Dərələrin gül-çiçəkli,
Yamacların çiyələkli,
Gədiklərin haça dağlar...
Aramızı kəsib hicran,
Vüsalına canım qurban.
Vəfasızdır bu dövran,
Ömür gedir puça dağlar..
Kəlbəcərin həsrətinə dözə bilməyən şair başqa bir şerində yenə dağlara üz tutur, sanki dərdinə dəvanı dağlardan istəyir:
Dağlar, mən xəstəyə bir az qar göndər,
Dərdimin dəvası səndə qalıbdır.
Könlüm körpə kimi kiriyə bilmir,
Anamın laylası səndə qalıbdı...
Adım Dəlidağdı, elim Kəlbəcər,
Sən könül hicranı, mən sinədəftər,
Yadlar qucağında yatan bəxtəvər,
Bəhmənin yuvası səndə qalıbdır.
Daha sonra bir gəraylısında deyir:
Gecikmişəm, ta gözləmə,
Gecdir, innən belə, dağlar.
Məni döyən yağışların
Bir də düşməz ələ, dağlar.
Yazdım, səndə sözüm qaldı,
Getdim, gənclik izim qaldı.
Yurd yerində gözüm qaldı,
Dərdim düşdü dilə, dağlar...
Yadda qalan xatirələr,
Köhnəldikcə təzə qalır.
Yanar ocaq səngidikcə,
Külə dönmək közə qalır.
Gün olarmı ötən gün tək,
Həyat şirin, ömür gödək.
Göynəyəndə tabsız ürək,
Axan yaşlar gözə qalır.
Kimi acı, kimi şirin,
Kimi dayaz, kimi dərin.
Düzəlməyən əyrilərin,
Dərdin çəkmək düzə qalır.
Dəlidağlı, arzum çoxdur,
Könlüm dolu, gözüm toxdu,
Bu dövrana güman yoxdu,
Güman bircə sözə qalır...
Hazırladı: Tahirə AĞAMİRZƏ