Sevimli şairimiz Kərim Kərimlinin bir neçə şeirini “Vətən Səsi”nin oxucuları ilə bölüşürük.
62 yaş!
Sanmayın altmışda yorulmuşam mən,
Yenidən başlayır həyat, yenidən!
Sizə dönə-dönə vurulmuşam mən,
Düşsə də saçıma vaxt-vədəsiz dən!
Şairlər qocalmır, şairlər ölmür,
Nəğmədən nəğməyə hey gəncləşirlər.
Dayanar min ürək, sönər min ömür,
Şairlər öləndə şeirləşirlər!
AZAD ŞUŞAYA
Sən dağların başında mirvarisən, incisən,
Şəhərlər sırasında dünyada birincisən!
Gözəlliyin Tanrının qüdrətindən yaranmış,
Tanrı verən payından bütün cahan barınmış…
Şəhidlərin qanından lalələrin güc almış,
Xarıbülbül, adınla, şöhrətinlə ucalmış…
İbrahimin qılıncı, Pənah xanın taxtısan,
Bu gün artıq ölkəmin mədəni paytaxtısan!
Musiqinin beşiyi, sözün, səsin yurdusan,
Yalın əllə döyüşən ölümbilməz ordusan!
Eşqinin ünvanısan mədəni insanlığın,
İstedadın beşiyi, mədəni – insanlığın!..
Bayrağım əllərində sən ucaldın göylərə,
Bayrağımı birinci sən ucaltdın göylərə.
Dünya sənə heyrandır – papağı başdan düşür,
Dirisi at belindən, ölüsü daşdan düşür…
Başı dumanlı yurdum, duman üstə var Günəş,
Sənə arxa-dayaqdır ulu Qırxqız, Ərgünəş!
Əsgər kimi döyüşdü torpağın da daşın da,
Qartalları düzürdü səmaya qardaşın da…
Qoy zəfərin əbədi, Zəfər yolun düz olsun,
Göz dikənin qazancı qoy quruca söz olsun!
Daim ayıq olsan da, qoy bu döyüş son olsun!
Sülh donun göy-qırmızı, ağ-yaşıl bir don olsun!
Əbədiyyət məskəni, ey əziz yurdum Şuşa!
Qəhrəmanlar diyarı, igidim, mərdim Şuşa!
Qəhrəman övladların sən ey şanlı Vətəni,
Qəlbi məhəbbət dolu, gözü qanlı Vətəni!
Bundan sonra əbədi azad yaşa, hürr yaşa!
Cah-cəlal, çal-çağırlı, şaqraq yaşa, gur yaşa!
Kərimin də şeiri sənə ərməğan olsun,
İstəyi yalnız budur: şəninə şayan olsun!!!
BAYRAĞIM
Hər zaman ucadan uca ol, ucal,
Hökmran ol, hökm et hər zamana, bayrağım!
Bir vaxt nişanən də yoxdu aləmdə,
Nişansan indi hər nişana, bayrağım…
Səni sevdim varlığını bilincə,
Səni sevəcəyəm, inan, ölüncə…
Səni hər an başım üstə görüncə,
Döndüm dönməz bir qəhrəmana, bayrağım!
Göy, qırmızı, yaşıl… üç boyalısan,
Səkkizguşəlisən, ağ hilallısan…
Millətimin min illik xoş xəyalısan,
Sən müjdəmizsən bu cahana, bayrağım.
Sənin üçün düzülmüşdük səf-səfə,
Sənin üçün bir vururduq hədəfə.
Fəxr edirəm! Şuşamızda ilk dəfə
Səni mən sancdım o meydana, bayrağım…
Yolumuzda çıraq oldun, nur oldun,
Eşqimizdən güclü oldun, gur oldun.
Sən ucaldın! Azad olduq, hürr olduq,
Ucaldıqca hey asimana, bayrağım…
Qaldırdım göylərə, “Dalğalan! – dedim,
Min illik sabaha qanadlan! – dedim, –
Mən sənin yolunda hər zaman, – dedim, –
Hazıram hər cür imtahana!”, bayrağım!
Quşqonmaz zirvələr səcdənə gəldi,
Dünyada sənintək, de, kim yüksəldi?!
Sayğı duruşuna durdu, dikəldi
Şəhid igidlər xiyabana, bayrağım!
Bir kərə yüksələn enməz bir daha!
Bir kərə alışan sönməz bir daha! –
Millətim yolundan dönməz bir daha! –
Döndərər yurdu gülüstana, bayrağım!
Eşqinlə sinəmi al-qan eylədim,
Uğrunda ömrümü qurban eylədim.
Səni Vətənimlə bir can eylədim,
Yaraşırsan Azərbaycana, bayrağım!
Yaraşıqsan Azərbaycana, bayrağım!
Sən layiqsən Azərbaycana, bayrağım!!!
Sən mayaksan Azərbaycana, bayrağım!
ŞUŞADA PAYIZ
Payızda min büsat qurur bu yurdlar,
Meşələrin cilalanır yaxası...
Sıxdıqca gözünü göydə buludlar,
Sellər-sular hayqırası, axası...
Titrəyir saralıb, solan yarpaqlar,
Min bir qızıl rəngə çalan yarpaqlar.
Budaqda tək-tənha qalan yarpaqlar
Son mənzilə yollanası, uçası...
Durna qatarları köçübdü daha,
Çiçəklər tacından keçibdi daha,
Bülbül eşq zəhərin içibdi daha,
Aşiq gözlər leysan kimi yağası...
Bu növraq söndükcə çöldə, çəməndə,
Payız buludu tək doluram mən də...
Bir kədər vulkanı yatır sinəmdə,
İldırımtək çaxasıyam, çaxası!
UCA TUT BAŞINI, VÜQARLA DAYAN!
Üzeyir Hacıbəyova itafən:
Şuşada Natəvanın bağındakı əzəmətli heykəlin önündə sükut içində qəlbimdən keçən fikirlərimin misralara dönüşü
...Sənə belə sükut yaraşmır desəm,
Mənə nadan deyib susdurmasınlar.
Sənətdə kükrəyən fırtına gəzsəm,
Məni başqa səmtə azdırmasınlar...
Sən elə kükrəyib, elə daşdın ki,
Dünya da heyrətlə içini çəkdi.
Sənət səddlərini elə aşdın ki,
Bütün sənətciklər köçünü çəkdi.
Himnini yaratdın bir ulu xalqın,
Bu himni xalq sənə özü öyrətdi.
Yüz dildə söylənir indi bir adın,
Bax, elə bu adın özü qeyrətdi.
Bir xalqın keçmişi nəğmələrində,
Dünəndən bu günə körpülər saldı.
Bir nəğmən ah çəkdi Xudafərində,
Biri top-tüfəngsiz saraylar aldı.
Sən ki öz dilində yazdın, yaratdın,
Bu dilin qanıydı damarlarında.
Çənlibelə “Cəngi” kəməndi atdın,
Aşdın “Koroğlu”nun dolaylarından.
Əlli altı dildə oxundu nəğmən,
Qırx doqquz ölkəni gəzdi operan.
Yüz iyirmi teatrın səhnələrindən
Yenidən dil açdı “Arşın mal alan”.
Sən bu səfərinə gec başlasan da,
“Knyaz İqor”lara çatası oldun.
Xalqına sadəcə övlad olsan da,
Şərqdə musiqinin atası oldun.
Səni miskin Krebstək təhrif edərək,
Ünvanına böhtan deyən də oldu.
Hələ ağzı dolu tərif deyərək,
Bağçanın barından yeyən də oldu.
Uca tut başını, vüqarla dayan,
“Sənsiz”in sənsiz də dünyanı gəzir.
Hind, Çin, Amerika, Polşa, Əfqandan
Bizə afişalar müjdə gətirir.
Sən elə incilər yaratmısan ki,
Duymayan baş üçün bayağı oldun.
Sənətdə bir bayraq ucaltmısan ki,
Özün bu sənətin bayrağı oldun.
Sən tilsimə saldın bütün yer üzün,
Boş baş nə bilsin ki, bu dühan nədir.
Aqillər nadandan inciməz düzü,
“Nadan nə bilir ki, zəfəran nədir”.
Mizrabsan xalqımın saz yaddaşında,
Nəğmən Qarabağdan doğdu cahana.
Əbədi tac olub uca başında,
Sənət tacı qoydun Azərbaycana.
Tahirə AĞAMİRZƏ