21.11.2024, 16:32
AZ EN
16.11.2022, 15:25 674

Qənbər Şəmşiroğlu – unudulmaz söz sərrafı

YARADICILIQ

Bu gün tanınmış ziyalı, şair Qənbər Şəmşiroğlunun doğum günüdür. O, 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib.

1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər Rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya Məktəbinə göndərilib. 1961-ci ildə  Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya Məktəbini bitirib.

Zəngin bioqrafiyası olan Q.Şəmşiroğlu 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Respublika Ağsaqqallar Şurası Məclisinin və Yazıçılar Birliyinin üzvü idi. “Dədə Şəmşir yaddaşlarda”, “Gədəbəy xatirələri”, “Axtarıb Şəmşiri görmək istəsən”, “Oğul gərək oğul olsun”, “Ömrün işıqlı anları” və başqa kitabların müəllifidir.

Aşıq Şəmşirin övladı və nəslinin layiqli davamçısı Qənbər Şəmşiroğlu “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib. Qənbər müəllim son 30 ilə yaxın müddətdə qaçqın və məcburi köçkünlərin, şəhid, əlil ailələrinin problemlərinin həllinə vətəndaş və ziyalı kimi dəstək olub.

Doğma Kəlbəcərin işğalı ilə bağlı Qənbər Şəmşiroğlunun mənəvi dünyasındakı sarsıntılar onun şeirlərində də öz əksini tapıb. Buna görə də, 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfərə və Kəlbəcərin azad edilməsinə ən çox sevinənlərdən biri də o idi…

El ağsaqqalı, şair Qənbər Şəmşiroğlu 2021-ci il dekabrın 30-da Bakıda 88 yaşında vəfat edib. Bu gün doğum günü olan şairin bir neçə şeirini oxuculara təqdim edirik.


SALAMLARIM VAR

Şahdağdan üz tutub Murova baxdım,
Bu taydan o taya salamlarım var.
Kəpəzin o üzü gözəl diyarda
Düşmən tapdağında qalanlarım var.

Odu kirpiyində götürənlərim,
Həsrətlə köksünü ötürənlərim,
Çoxdan əzizini itirənlərim,
Ah çəkib saçını yolanlarım var.

Elin köməyilə çörəklənmişəm,
Dirçəlib, dirçəlib zirəklənmişəm,
Orduma baxaraq ürəklənmişəm,
Bilirəm qanımı alanlarım var.

Eşitdim gücünü, gördüm hünərin,
Qənbərəm, sevdiyim sərkərdələrin.
Həddini bilməyən nanəciblərin
Canına vəlvələ salanlarım var.

GƏZDİM
 
Dastan məclisində, el məclisində
Söz sərrafı olan dədəmi gəzdim.
Döşəyin üstündə bardaş oturub,
Şirin dinlədiyim vədəmi gəzdim.

Elə mahir idi sözdə, seçimdə,
Səhvə yol verməzdi ölçü-biçimdə,
Astaca-astaca evin içində
Atdığı mübarək qədəmi gəzdim.

Həmişə nəsihət eşitdim ondan,
Kim incik qalardı belə adamdan?
Uyğunsuz qəbahət etdiyim zaman
Mənə eylədiyi hədəni gəzdim.

 

SARIDAĞIN ƏTƏYİNDƏ

Kəndimiz məskən salmışdı
Sarıdağın ətəyində.
Bəsləyirdi qoyun-quzu,
Varı, dağın ətəyində,
Sarıdağın ətəyində.

Gözəl bir guşəsi vardı,
Palıdlığı ilk bahardı,
Səmalara ucalardı,
Görürdük payız ilk qarı,
Sarıdağın ətəyində.

Hərdən-hərdən mərc tutardıq,
Atın belinə qalxardıq,
Qoşalaşıb hey çapardıq.
Heyran edərdik qızları,
Sarıdağın ətəyində.

Sağ tərəflər geniş düzlər,
Novlu bulaq qonaq gözlər,
Çoxdu, çoxdu şux gözəllər.
Xəlq edibdi özü Tanrı,
Sarıdağın ətəyində.


 

“SARITEL” ÇAL

Aşıq Mehdiyə

Mehdi bala, dəfnimə gəl,
Qəbrim üstə “Sarıtel”çal.
Bir qədər də bənövşə tap,
Eylə dəstə, “Sarıtel”çal.

Həsrətini çəkdim hər gün,
Dözmək mənə oldu çətin.
Bilirsən ki, dağlar üçün
Oldum xəstə, Sarıtel” çal.

Bir ağız da zildən oxu,
Kəlmələrdən ilmə toxu.
Şirin olsun sözün çoxu,
Asta-asta “Sarıtel” çal.

Keçər aylar, keçər günlər,
Baharda açılar güllər.
Necə oxuyur bülbüllər
O həsrətdə “Sarıtel” çal.

Bədənim ağa bükülsün,
Üstümə torpaq tökülsün,
Bacılarım layla desin,
Sən ahəstə “Sarıtel” çal.

ANA DİLİM

Yurdum Azərbaycan, elim Kəlbəcər,
Bu yurdsuz yaşamaq bir qəm, bir kədər.
İstədim sözümü deyəm bir qədər,
Öz ana dilimdə, şirin dilimdə,
Bu dil ana dilim, bu dil şipşirin.

Doğulduğum kəndin adı Ağdaban,
Dağları yamyaşıl, meşələr duman,
Bu kənd söz diyarı, ümmandı-ümman,
Burda eşitmişəm yüzlərlə dastan,
Öz dilim şirindi, öz dilim şirin.

Bu dillə dünyaya açdım gözümü,
Bu dildə eşitdim Vətən sözünü.
Bu dildə tanıdım elə özümü.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Həsənoğlu gözəl meyl oyatdı,
Nəsimi, Nəimi çox əziz tutdu.
Xətai bu dilli dövlət yaratdı.
Bu dil ana dilim, bu dil şip-şirin,
Öz dilim şirindi, öz dilim şirin.

Nəsimi, Füzuli sehirsə, sirsə,
Seyidi, Sabir
i sənətdə pirsə,
Üzeyir bu dildə mahnı deyirsə,
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Bu dillə sevmişik eli-obanı,
Səməd Vurğun yazıb “Azərbaycan”ı,
Şəhriyar söylədi “Heydərbaba”nı.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Bu dildə şəcərəm nəğmə oxuyub,
Babam sözlər ilə ilmə toxuyub,
Bu dilin sözləri cənnət qoxuyub.

Bu dil şeir dili Dədə Şəmşirin,
Bu dil ana dilim, bu dil şipşirin.

Nənələr bu dildə nağıl söyləyib,
Analar beşikdə laylalar deyib,
Bu dili yaradan şəkər eyləyib.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Müstəqil dövlətin dili bu dildi,
Bu dildə
“Azadlıq sözü deyildi,
Bizi sevməyənlər çatladı, öldü.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Bu dildə yazarlar minlərdi, minlər,
Heç biri birindən geri deyillər,
Var olsun bu dilə mənim deyənlər.
Bu dil ana dilim, bu dil
şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər