21.11.2024, 16:31
AZ EN
15.11.2023, 15:18 410

Mənim Fərid balamdı o

YARADICILIQ
  • Oqtay İmamqulu oğlu Şamilov (Oqtay Şamil) 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində davam etdirib. O, "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışıb. Daha sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləyib.

Oqtay Şamil 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Poeziya ilə yanaşı, eyni zamanda nəsr əsərləri də yazan ədibin bu vaxtadək 10-dan çox kitabı işıq üzü görüb. Onun kitablarından bunların adını sadalamaq olar: "İstək", "Tut ağacı", "Girdimandan gələn səs", "Sevgimiz elə bu qədərmiş", "Azadlığın quşqonmazında Ay haləsi", "Aralıq dənizindən məktub", "Ömurnamə" və.s.

Bu günlərdə “Vətən səsi”nin qonağı olan Oqtay Şamilin Şuşa uğrunda şəhadətə ucalmış 21 yaşlı Fərid Mirzə oğlu Şamilovun  xatirəsinə həsr etdiyi şeirini oxuculara təqdim edir, müəllifə cansağlığı və uğurlar arzu edirik.

 

Şəhid Fərid Mirzə oğlu Şamilovun işıqlı xatirəsinə

 

Əgər sən kor deyilsən,

Kor deyilsən əgər sən,

Gözündəki pərdələri qaldır,

Postpandemi trendində,

Dünyanı dolaşan küləkləri tanı!

Avamlığı burax,

Al dillərə aldanma...

Bu “qarşıdurma” qarışığında

Gözümüzü yağır etmiş

Siyasilərdən soruş:

-O türkcə danışan

Hava-su, torpaqlar hanı?

Cəddələrdə sıralanan sirenalar deyir:

-Şəhid gətirilir!

Şəhid! Şəhid! Şəhid!..

Çızqırlanıb çiçək açmış

al qanıyla

dırmandığı qayalığa “Şuşa” yazmış

mənim Fərid balamdı o,

Fərid! Fərid! Fərid!..

Ən möhtəşəm ucalıqda qərarlaşdı

nəslimizin şəhid xanı!..

Halbuki tilsimli Şuşa

o təlatümlərdə

təslim edilmişdi;

qəvi qonşulara bac idi!

Qarabağ qalırdı

“qarğa-quzğun” əlində!

“Bizimki”lərdə taxt-tac idi;

Vəznəli vəzifələri

bölə-bölə,

Bölüşdürə-bölüşdürə

şərqi söyləyirdilər qarğa dilində...

Ölkə uçurumda,

məğlub durumda,

bunlar yallı gedirdi

Antaliya-Quş adası-Bodrumda!..

Qrantlara sarılmışdı

o siyasi naşılar,

fake demokratlar,

populist-lider-külbaşlar!..

Amma 21 yaşında sən,

Qəhrəmanlıq salnaməsi yazan övladım

28 il sonra

həmin günahları yumağa getdin,

Bayrağını Şuşaya sancıb

al qan içində

son mənzilinə yetdin...

 

Heyy, köksümdəki dağım mənim,

Bir əlcə yarpağım mənim,

“Qələbə” bayrağım mənim,

əlisilahlı

şəklin qoruyur indi bizi,

ağzı qanlı məzarında

qan çilənmiş əklil qoruyur

cümləmizi...    

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər