Bəsti Cəfərzadə 1967-ci il dekabrın 20-də Ağdamın Qiyaslı kəndində dünyaya gəlib. Əvvəlcə Qiyaslı kənd 8 illik, sonra isə Söyüdlüqol tam orta məktəbini bitirib. Bəstinin böyük arzuları olsa da, anası ali təhsil almasna imkan verməyib. O, ailə quraraq uzun illər Saratov şəhərində yaşayıb. Amma ürəyi həmişə doğma Vətənlə, doğulduğu kəndlə döyünüb. Uşaqlıqdan şeir yazan Bəsti özünü qərib sananda yenə qələminə sarılıb. On ilə yaxındır ki, o, öz ailəsi ilə Vətənə qayıdıb. Amma nə atasını, nə də anasını görmək bu dəfə ona nəsib olmayıb. Atası 1992-ci ildə düşmənin Ağdama atdığı mərmilərdən açılan qəlpə yarasından şəhid olub. Anası isə doğmalarının sığındığı dəmir vaqon şəhərciyində dünyasını dəyişib. Bundan sonra da, Bəsti bütün həsrətini, dərdini qələmi ilə bölüşür. O, bir neçə kitabın müəllifidir, şeirləri tədris müəssisələrində keçirilən tədbirlərdə istifadə edilir. Elə öz nəvələri Rəsul, Elnur və Sabir də nənələrinin şeirlərini qürurla söyləyirlər.
Bəsti Cəfərzadə torpaqlarımızın, o cümlədən, doğma Ağdamın işğaldan azad olunmasına çox sevinir və Müzəffər Ali Baş Komandanımız, Ordumuzla qürur duyur. Bəsti xanıma uğurlar arzulayır, onun Vətən qoxulu şeirlərindən oxucularımıza təqdim edirik.
QARABAĞ FƏDAİSİ
Şəhid mayor Fərid Ələkbərova həsr olunur
Dayaq oldun Vətənə,
Qorudun torpağını.
Qaldırdın başın üstə
Üçrəngli bayrağını.
Sevirdin Vətənini
Hər vaxt candan, ürəkdən.
Qisas almağa getdin
Sən o nankor düşməndən.
Qəhrəmanlar savaşda
Düşməni qırdı, əzdi.
Sənin kimi oğullar
Qanıyla tarix yazdı.
Azad edib yurdunu
Verdin Vətən borcunu.
Ana Vətən unutmaz
Sənin kimi oğlunu.
Qarabağ fədaisi,
Fatehisən sən, Fərid!
Bu Vətənin yolunda
Oldun qəhrəman, igid.
Səninlə fəxr edirik
Ey qəhrəman qardaşım.
Sənin şücaətinlə
Ucadır mənim başım.
Şəhidim, bilirəm ki,
İndi çox yüksəkdəsən.
Səni unutmarıq biz,
Sən hər bir ürəkdəsən!
20 YANVAR ŞƏHİDLƏRİNƏ
20 Yanvar günü
Yer-göy lərzəyə gəldi.
Başımızın üstünə
Güllə-boran ələndi.
Hamı qaçaqaçdaydı
Gecə qaranlığında.
Səs-küy göyə qalxmışdı
Qışın oğlan çağında.
Bu dəhşət, bu faciə
Baş verdi Bakımızda.
Tanklar qovurdu bizi
Xəzər də, qarşımızda...
Ağır zirehli tanklar
Od püskürür hər yana.
Qaçışırdı insanlar
Küçədə yana-yana.
Tanklar əzib keçirdi
Balaca maşınları.
Vurub yerə sərirdi,
Günahsız insanları.
Qızıl qana boyandı
Bakının küçələri.
Həlak oldu bu xalqın
Gör neçə ərənləri.
Dəhşətli bir xatirə
Hər il tarix canlanır.
Şəhid soydaşlarımız
Həmişə xatırlanır.
Azadlıq, haqq uğrunda
Onlar Şəhid oldular.
Hər il 20 Yanvarda
Yenidən doğuldular!
Hazırladı: Mina RƏŞİD