Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Səbuhi Yaşar oğlu İsgəndərlinin doğum günüdür. O, 25 iyun 2001-ci ildə Tərtər şəhərində anadan olub. Səbuhi hələ uşaq olanda ailəsi Şəkiyə köçüb. 2007-2016-cı illərdə Şəki şəhər 11 saylı tam orta məktəbdə, 2016-2017-ci illərdə Şəki şəhər 12 saylı tam orta məktəbdə, 2017-2018-ci illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə təhsil alıb.
Səbuhi İsgəndərli 2019-cu ilin iyulundan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Çevik Hərəkat Dəstəsində müddətli həqiqi hərbi xidmət edirdi.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının əsgəri olan Səbuhi İsgəndərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Cəbrayıl, Füzuli və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Səbuhi İsgəndərli 26 oktyabr 2020-ci ildə Zəngilan döyüşləri zamanı Vejnəli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz 29 oktyabr 2020-ci ildə Şəki şəhərində Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Səbuhi İsgəndərli ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Səbuhi balamız!
Mina RƏŞİD