Bu fikirləri açıqlamasında Kəlbəcər Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov səsləndirib.
Onun sözlərinə görə, 1988–1993-cü illər ərzində Kəlbəcərin faktiki olaraq mühasirədə qalması, əsas kommunikasiya yollarının bağlanması, bölgəyə giriş-çıxışın təhlükəli olması burada yaşayan on minlərlə insanı çox ağır vəziyyətə salmışdı. Laçının işğalı isə Kəlbəcərin strateji mövqeyini daha da zəiflədərək rayonun müdafiəsini daha da çətinləşdirmişdi. Təəssüf ki, həmin dövrdə bu rayonun müdafiəsinə lazımi səviyyədə diqqət yetirilməmiş, nəticədə Kəlbəcər beş il ərzində ciddi basqılarla üz-üzə qalmışdı.
“Tunel” faciəsi həmin dövrün ən ağrılı hadisələrindən biri kimi yadda qalıb. Kəlbəcər–Laçın yolundakı dar tunelin düşmən tərəfindən tutulması nəticəsində 83 nəfər mülki şəxsin mühasirəyə düşmüş, onlardan əksəriyyəti qətlə yetirilmişdi. Xilas olanlar isə dağ və meşə yolları ilə soyuq, boran içində ölüm təhlükəsi ilə üzləşərək yaşamaq uğrunda mübarizə aparmışdılar”, -deyə A.Məmmədov bildirib.
O qeyd edib ki, Başlıbel faciəsi də Kəlbəcərin yaşadığı böyük dərddir. Kəndin 73 sakininin mühasirədə qalması, onların bir hissəsinin qətlə yetirilməsi, bir hissəsinin girov götürülməsi və yalnız təxminən 30 nəfərin mağaralarda gizlənərək 113 gün sonra xilas ola bilməsi həmin dövrdə əhalinin nə qədər sahibsiz və müdafiəsiz vəziyyətdə qaldığını göstərir. Ağdaban kəndində törədilən ikiqat soyqırımı isə erməni silahlı qüvvələrinin bölgədə apardığı amansız siyasətin bariz nümunəsidir.
Ümumilikdə Kəlbəcərin işğalı zamanı yüzlərlə hərbçi və mülki şəxs şəhid olmuş, rayon sakinləri illərlə işıqsız, yolsuz, ağır şəraitdə yaşamağa məcbur qalmışdılar. Lakin bütün çətinliklərə baxmayaraq, insanlar doğma yurdlarını son ana qədər tərk etmək istəməmişdilər. Yalnız vəziyyət tam çıxılmaz olduğunda onlar Murov yolu ilə təhlükəli keçiddən istifadə edərək canlarını qurtara bilmişdilər.
“44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Qələbə nəticəsində Kəlbəcər və digər rayonlarımız işğaldan azad olundu. Kəlbəcərin, Laçının və Ağdamın bir hissəsinin bir güllə atmadan qaytarılması Azərbaycan hərbi-siyasi gücünün təsdiqidir. Bu gün Kəlbəcərdə geniş quruculuq və bərpa işləri aparılır. Yeni yaşayış massivləri salınır, yollar, tunellər, sosial obyektlər tikilir. Aparılan nəhəng tikinti işləri Böyük Qayıdış proqramının real nəticələridir. Kəlbəcərlilər artıq milli və dövlət bayramlarını öz doğma yurdlarında qeyd edirlər və bu, tarixi ədalətin bərpasının ən gözəl nümunəsidir”, - deyə Aqil Məmmədov əlavə edib. (AZƏRTAC)