01.04.2026, 16:08
AZ EN
01.04.2026, 13:34 201

Böyük Qələbənin təməli: Lələtəpə fatehi Asim Əliyev o şanlı günlərdən danışır

XƏBƏRLƏR
  • Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Aprel zəfərindən 10 il ötür. Həmin qələbə Füzuli və Cəbrayıl istiqamətində strateji yüksəklik olan Lələtəpənin azad edilməsi, Füzulinin bir neçə kəndinin, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşmən atəşindən xilas olunması ilə nəticələndi.

Həmin döyüşlərin iştirakçılarından biri də ehtiyatda olan gizir, xüsusi təyinatlı qüvvələrin mənsubu, İkinci Qarabağ müharibəsi qazisi Asim Əliyevdir. O, şanlı zəfər günləri haqqında qürurla danışaraq bildirir ki, Aprel zəfəri İkinci Qarabağ müharibəsində əldə olunan böyük qələbənin əsasını qoydu. Onun sözlərinə görə, Azərbaycan hərbçisinin qarşısında hər zaman yalnız bir məqsəd, bir amal olub - torpaqlarımızı işğaldan azad etmək.

“Düşmən təxribatları cəbhə boyu mütəmadi xarakter alsa da, ordumuz tərəfindən hər zaman layiqli cavab verilirdi. 2016-cı ilin Aprel döyüşləri də məhz Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı təxribatına cavab olaraq başladı. Bu dəfə onların təxribatı daha genişmiqyaslı idi. Azərbaycan Ordusu dərhal əks-həmlə əməliyyatına keçərək düşmənin hücum cəhdinin qarşısını aldı. Həmin döyüşlər zamanı qarşımızda duran əsas vəzifə Füzuli və Cəbrayıl istiqamətlərində düşmən qüvvələrini zərərsizləşdirmək idi. Qısa müddətdə düşmənin atəş nöqtələri susduruldu və uğurlu əməliyyat nəticəsində strateji əhəmiyyətli yüksəklik - Lələtəpə azad olundu”, - deyən Asim Əliyev bildirir ki, onun hərbçi ömrünün ən qürurverici anlarından biri məhz Lələtəpə yüksəkliyinə Azərbaycan bayrağını sancması olub: “Lələtəpə əməliyyatının ən qürurverici və unudulmaz məqamı strateji yüksəkliyə üçrəngli Azərbaycan bayrağını məhz mənim sancmağım oldu. Yüksəkliyin tam nəzarətə götürülməsi barədə raportu da komandanlığa şəxsən məruzə etdim. Bir hərbçi üçün bu, həyatın ən şərəfli anıdır. Çünki həmin an təkcə bir yüksəklik azad edilmədi, həm də Azərbaycan əsgərinin sarsılmaz iradəsi, qüdrəti və qələbə ruhu bütün dünyaya nümayiş etdirildi”.

Lələtəpənin azad olunması ordumuz üçün sadəcə bir hərbi uğur deyil, həm də strateji və mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Qazimiz həmin günlərin strateji əhəmiyyətini xüsusi vurğulayır: “Lələtəpənin nəzarətə götürülməsi ilə Füzuli rayonunun Horadiz qəsəbəsi və ətraf kəndləri, həmçinin Cəbrayılın Cocuq Mərcanlı kəndi düşmənin birbaşa müşahidəsindən və mütəmadi atəşindən xilas edildi. Bu yüksəklik bizə cəbhə xəttində geniş manevr və daha böyük ərazilərə nəzarət imkanı qazandırdı. Yaxşı xatırlayıram, düşmən itirdiyi mövqeləri geri qaytarmaq üçün dəfələrlə əks-hücumlar təşkil edirdi. Lakin hər dəfə Azərbaycan əsgərinin polat iradəsi qarşısında geri çəkilməyə məcbur olurdular.”

Asim qeyd edir ki, 2016-cı ilin Aprel zəfəri sonrakı illərin böyük qələbələrinə gedən yolun təməli idi. Aprel döyüşlərindən sonrakı 4 il ərzində düşmən nə qədər təxribata əl atsa da, ordumuzun Lələtəpədə qazandığı o qətiyyətli qələbə ruhu hər dəfə Ermənistan silahlı qüvvələrini yerində oturtmağa bəs edirdi. Bu, sadəcə bir yüksəkliyin deyil, milli qürurun yenidən bərpası idi.

“2020-ci il sentyabrın 27-də səhər saatlarında düşmən yenidən cəbhə boyu genişmiqyaslı təxribata əl atdı. Həmin vaxt Ali Baş Komandanın əmri ilə ordumuz əks-hücum əməliyyatına başladı. Tapşırıq verilmişdi ki, Lələtəpə yüksəkliyi istiqamətində irəliləyək, bu yüksəkliyin bizdə olması çox əlverişli şərait yaratmışdı. Çünki buradan düşmənin bütün hərəkətlərini açıq şəkildə müşahidə etmək mümkün idi”, - deyən qazimiz bildirir ki, bu yüksəklik 44 günlük Vətən müharibəsinin ilk günlərində qazanılan qələbələrdə də mühüm rol oynayıb: “Sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri sürətli əks-hücum nəticəsində azad edildi. Bu istiqamətdə Lələtəpənin strateji yüksəklik olması çox böyük əhəmiyyətə malik idi. Hər ötən gün Vətən torpağının bir qarışını azad edirdik və nəticədə İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatdı”.

Üçtərəfli Bəyanatın imzalanmasından sonra Qarabağ ərazisində qalan qanunsuz erməni silahlı birləşmələri öz təxribatçı əməllərindən əl çəkmədilər. Separatçılıq və terror fəaliyyətini davam etdirən həmin qanunsuz dəstələr mütəmadi olaraq atəşkəsi pozur, gərginlik yaradırdılar. Nəhayət, 2023-cü ilin sentyabrında növbəti erməni təxribatına cavab olaraq ordumuza lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi tapşırıldı. Cəmi 23 saat ərzində Azərbaycan Ordusu bu çətin missiyanı yüksək peşəkarlıqla və sürətlə yerinə yetirdi. Bununla da Qarabağ bütövlükdə separatçılardan təmizləndi və tam azadlığına qovuşdu.

Qazimiz vurğulayır ki, bu gün Azərbaycanın hər bir guşəsində üçrəngli bayrağımız qürurla dalğalanır, işğaldan azad olunmuş torpaqlarda həyat yenidən dirçəlir: “Bu torpaqlar şəhidlərimizin qanı, qazilərimizin canı bahasına azad edilib. Bir hərbçi olaraq düşünürəm ki, biz xalqımız qarşısında duran tarixi missiyanı şərəflə yerinə yetirdik”.

Asim Əliyevin gözlərindəki o qətiyyətli baxış həm də gələcəyə olan böyük inamın ifadəsidir. O, təkcə keçmiş döyüş xatirələrindən danışmır, həm də bu gün Qarabağ və Şərqi Zəngəzurda vüsət alan Böyük Qayıdışın sevincini bölüşür.

"Gələcək nəsillərimiz bu müqəddəs torpaqlarda firavan və xoşbəxt ömür sürəcəklər. Dövlətimiz tərəfindən aparılan genişmiqyaslı tikinti-quruculuq işləri sayəsində şəhər və kəndlərimiz müasir üslubda yenidən qurulur. Artıq minlərlə soydaşımız illərdir həsrət qaldığı doğma yurduna qayıdıb. Bütün bu mənzərə, bu dirçəliş Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin real bəhrələridir", - deyə qazi sözlərini tamamlayır. Beləliklə, bu gün onun sancdığı bayraq təkcə bir yüksəklikdə deyil, bütöv və azad Vətənimizin hər qarışında qürurla dalğalanmaqdadır. Asim Əliyev kimi qəhrəmanların fədakarlığı sayəsində bərpa olunan ərazi bütövlüyümüz gələcək nəsillər üçün həm də sarsılmaz bir qürur mənbəyidir. İndi hər bir azad edilmiş kənd və şəhərimiz, zəfərlə taclanan o şərəfli yolun əbədi və canlı abidəsinə çevrilir. (AZƏRTAC)

Oxşar xəbərlər