Muzeydə Mir Möhsün Nəvvabın həyat və yaradıcılığından bəhs edən 130 eksponat sərgilənirdi. Qarabağın adlı-sanlı bəylərindən sayılan Zöhrabbəyovların evində yerləşən Şuşa Dövlət Rəsm Qalareyasında isə XIX əsr Azərbaycan miniatür sənətinin görkəmli nümayəndəsi Mir Möhsün Nəvvabın əsərləri – onun öz kitabları üçün çəkdiyi illüstrasiyalar toplanmışdı. Həmin əsərlər qalereyanın Qızıl Fondunu təşkil edirdi. 1957-ci ildə Nəvvabın qəbri üzərində onun abidəsi qoyulub. Heykəltaraş Tokay Məmmədovun hazırladığı həmin abidə 1992-ci ildə şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan sonra abidə dağıdılıb. Muzeydə saxlanılan 200-ə yaxın eksponat da tamamilə məhv edilib. Şuşa məscidində Nəvvaba aid guşə varıydı. Görkəmli şair-rəssama məxsus əşyaların bir çoxu məhz orada saxlanılırdı - çəkdiyi rəsmlər, əlyazmalar. Onun ən dəyərli rəsm əsərlərindən sayılan Əmir Teymurun portreti də məhv edilən eksponatlar sırasında idi. Halbuki ən məşhur rəssamlar həmin əsərə yüksək qiymət vermişlər. Beləliklə, Mir Möhsün Nəvvabın sənət irsi təkcə onun ev-muzeyində deyil, həm də Şuşanın digər mədəniyyət ocaqlarında xüsusi yer tuturdu. Şuşanın işğalı ilə şəhərdəki sənət məbədləri erməni qəsbkarlarının tapdağı altında qaldı. Onun ev-muzeyi Şuşada fəaliyyət göstərən 8 muzeydən biri idi və Azərbaycanın maddi-mənəvi irsinin qorunduğu əsas mədəniyyət ocaqlarından hesab olunurdu. İşğalla əlaqədar şair-rəssamın əsərlərinin çoxunu xilas etmək mümkün olmasa da, bəzi eksponatlar İncəsənət Muzeyində qorunur.Ümumilikdə, torpaqlarımızın işğalı nəticəsində həmin ərazilərdə 700-dən artıq mədəniyyət abidəsi, 22 muzey və 4 rəsm qalereyası talan edilib. Onların arasında Şuşadakı Qarabağ Tarixi Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Bülbülün memorial muzeyi və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı da vardı. Həmin mədəniyyət ocaqları Azərbaycan xalqının tarixini, musiqisini və incəsənətini əks etdirən dəyərli irs nümunələrinin qorunduğu məkanlar idi.
Xatırladaq ki, Mir Möhsün Nəvvaba aid materiallar Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasının "XIX əsrdə Azərbaycanda elm, təhsil və mədəniyyət" zalında ayrıca vitrində yerləşdirilib. Vitrində həmçinin onun müəllifi olduğu rəsmlərin surətləri nümayiş olunur. Burada həm mətn, həm də rəsmlərinin müəllifi Nəvvab olan "Kitabi divani farisi" əsərinin, eləcə də "Kəşfül-həqiqəti-məsnəvi" əsərinin orijinalları qoyulub. Musiqi nəzəriyyəsinə həsr edilmiş "Kəşfül-həqiqəti-məsnəvi" əsəri də onun tanınmış əsərlərindəndir. Mir Möhsün Nəvvabın orta əsrlərə aid Azərbaycan silahlarından ibarət kolleksiya topladığı da məlumdur. Onun kolleksiyasına aid bir neçə silah hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur.
Röya SALMANQIZI