11.11.2024, 17:34
AZ EN
07.01.2024, 08:21 342

Ağdam rayonu, Gülablı kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində olan Gülablı kəndi Qarabağın dağlıq ərazisində yerləşir. Vaxtilə bu kənd Şuşa qəzasının tərkibində olmuşdur. Gülablı kəndini Tanrı sanki əhvalının xoş olduğu vaxtda yaradıb. Kəndi əhatə edən dağlar, zümrüd meşələr onun gözəlliyini birə beş artırırdı. Kənddən xeyli aralıda bulaq sularının bir-birinə qarışmasından əmələ gələn çayın kəndi ikiyə bölməsi bu yaşayış məntəqəsinin gözəlliyini bir az da tamamlayırdı. Gözəl təbiəti, saf havası qədimlərdən burada yaşayış olmasından xəbər verir. Təsadüfi deyil ki, xanlıq dövründə (söhbət Qarabağ xanlığından gedir) xan övladlarına dayə və süd anası Gülablı kəndindən tutulardı. Firudin Şuşinski yazırdı: “XVIII əsrdə İbrahim xan Şuşada doğulan hər bir oğlan uşağına Abdal-Gülablı kəndindən dayə və süd anası tutmaq barədə fərman verib. Bu kəndin əhalisinin şücaətini qiymətləndirən Qarabağ xanının bu fərmanına əməl olunması, oğlan uşaqlarının hünərli olmasına səbəb olmaqla yanaşı, həm də Abdal-Gülablıdakı gözəl səsə malik nəsillərin də Şuşada ecazkar səsli xanəndələrin yetişməsinə təsir edən əsas amillərdən idi.

Gülablı kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər