01.04.2026, 18:51
AZ EN
01.04.2026, 17:15 13

Qarabağdan gülüş səsləri eşidilir...

QARABAĞ
  • Bu gün təqvimdə 1 Aprel - Beynəlxalq Gülüş Günüdür. Dünyanın hər yerində insanlar zarafatlaşır, bir-birini gülümsətməyə, çöhrələrində təbəssüm yaratmağa çalışırlar. Lakin bu il Azərbaycan üçün gülüşün mənası daha dərindir. Artıq dördüncü bahardır ki, bu gülüş səsləri sadəcə paytaxtın parklarından, dənizkənarı bulvardan, bölgələrimizdən deyil, həm də uzun illər həsrətlə baxdığımız uca zirvələrin qoynundan – Qarabağdan və Şərqi Zəngəzurdan gəlir.

Otuz il idi ki, Qarabağın dağları qəmlə, dərələri sükutla dolu qalmışdı. Bu torpaqlarda gülüş səsi “işğal” kəlməsinin altında əzilmişdi. 2020-ci ilin payızında qazanılan parlaq Zəfər və 2023-cü ilin antiterror tədbirləri ilə tam təmin olunan suverenliyimiz o torpaqlara təkcə bayrağımızı deyil, həm də ruhumuzu, sevincimizi qaytardı.

İndi Xocalının yeni salınan məhəllələrində, Laçının rəngbərəng evlərinin həyətində, Şuşanın Cıdır düzündə uşaqlar qaçışır, deyib gülür, əylənirlər. Aprelin bu ilk günündə o torpaqlardan gələn ən xoş xəbər budur: Qarabağ artıq ağlamır, Qarabağ gülümsəyir!

Ağalıdan başlanan qayıdış karvanı Xocalı, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər, Ağdam və işğaldan azad olunan digər yaşayış yerlərinədək çatıb. Reportajlarımız zamanı görüşdüyümüz sakinlərin üzlərindəki ifadə də hər şeyi deyir. Zabuxlu nənənin sevinci hələ də yadımdadır: “Bala, biz bura gələndə gözümüzün yaşı qurumurdu, amma indi sevincdən ağlayırıq. Nəvələrim həyətdə oynayanda, onların gülüşünü eşidəndə elə bilirəm dünya mənimdir”.

1 Aprel zarafatları indi Xocalı məktəbinin dəhlizlərində eşidilir. Uzun illər Xocalı faciəsi ilə anılan bu şəhər, indi dirçəlişin və həyat eşqinin simvoluna çevrilir.

Bu gün Qarabağda insanların arxayın, rahat və firavan yaşamasının arxasında böyük bir güvən hissi dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun təmin etdiyi hüzur, dövlətimizin apardığı sürətli quruculuq işləri hər bir sakini gələcəyə ümidlə baxmağa sövq edir.

Yenidən qurulan “ağıllı kəndlər”, müasir məktəblər, bağçalar və istirahət mərkəzləri... sakinlər üçün hər cür şərait yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə keçirilən festivallar, eləcə də "Xarıbülbül" musiqi festivalı, Vaqif Poeziya Günləri o yerlərin mədəni ruhunu və sevincini dünyaya bəyan edir.

1 Aprel – Beynəlxalq Gülüş Günü dünyanın bir çox yerində sadəcə bir günlük əyləncə ola bilər. Lakin Azərbaycan əsgərinin qanı və canı bahasına azad edilən bu torpaqlarda gülüş artıq gündəlik həyat tərzidir. Çünki bu gülüşün arxasında 30 illik həsrətin bitməsi, ədalətin bərpası və doğma yurdun isti nəfəsi dayanır.

İndi Şuşadan baxanda dumanın altından yalnız meşələr deyil, insanların sevinc səsləri gəlir. Qarabağ öz sahiblərinə qovuşub və bu qovuşmanın yaratdığı sevinc dolu gülüş səsləri o dağlarda əbədi əks-səda verəcək.

Gülüşünüz Qarabağ qədər bütöv, qələbəmiz qədər parlaq olsun! (AZƏRTAC)

Oxşar xəbərlər