01.04.2026, 18:20
AZ EN
01.04.2026, 16:52 143

Daim qəlbimizdə yaşayan Hacı Mir Saqi baba

XƏBƏRLƏR
  • İnsan ömrü bəzən illərlə ölçülür, bəzən isə qoyduğu izlərlə… Bəzi insanlar var ki, yaşadıqları müddət ərzində təkcə bir həyat yaşamırlar — onlar ətraflarına işıq saçır, ürəklərə toxunur, xatirələrdə silinməz izlər buraxırlar. Onların adı zaman keçsə də unudulmur, əksinə, hər xatırlandıqca daha da ucalır, daha da dərin mənalar qazanır.

Hər bir insan bu dünyadan haqq dünyasına köçəndə geridə bir şeylər qoyub gedir. Bəzi insanların əmanət qoyub getdikləri xeyirxah əməlləri, nəsihətləri, duaları təkcə öz şəcərəsinin deyil, bütöv bir elin, obanın güvəncinin dayağı olur. Belə insanlar təkcə yaddaşlarda deyil, həm də qəlblərdə yaşayır, xatirələri nəsillərə örnək olur. Belə dəyərli, işıqlı insanlardan biri də Hacı Mir Saqi Ənvər oğlu olmuşdur.

1936-cı ilin 15 yanvarında Zəngəzurun qədim və müqəddəs torpaqlarından olan Qubadlı rayonunun Saray kəndində, seyid ocağında – Şıx Fərzəli babanın ailəsində dünyaya göz açan Hacı Mir Saqi Baba hələ uşaqlıqdan yüksək mənəvi keyfiyyətləri, təmiz qəlbi və ədəb-ərkanı ilə seçilmişdir. Onun aldığı tərbiyə, mənəvi dəyərlərə bağlılığı sonrakı həyat yoluna işıq tutmuş, onu el-obanın hörmətli ağsaqqallarından birinə çevirmişdir.

1956-cı ildə Dondarlı kənd tam orta məktəbini uğurla bitirən Hacı Mir Saqi Baba həyatın çətin, lakin şərəfli yollarını seçmiş, zəhməti ilə ucalmağı özünə həyat amalına çevirmişdir. 1958-ci ildə Bakı sürücülük məktəbini bitirməsi onun zəhmət yolunda yeni bir mərhələnin başlanğıcı olmuşdur. 1960-cı ildən 1994-cü ilə qədər Qubadlı rayon Kənd Təsərrüfatı Texnika Birliyində dəmirçi kimi çalışaraq halal zəhməti ilə həm ailəsini dolandırmış, həm də cəmiyyətə faydalı bir ömür yaşamışdır.

Onun əllərinin zəhməti, ürəyinin saflığı ilə yoğrulmuş əməyinə hər zaman yüksək qiymət verilmişdir. Sosialist müsabiqələrinin dəfələrlə qalibi olması, “beşilliklərin zərbəçisi” adına layiq görülməsi onun işinə olan məsuliyyətinin və zəhmətə olan sonsuz sevgisinin bariz nümunəsi idi. O, sadəcə işləyən bir insan deyil, zəhməti ilə başqalarına yol göstərən bir örnək idi.

Hacı Mir Saqi Baba təkcə zəhmətkeşliyi ilə deyil, zəngin mənəvi aləmi ilə də seçilirdi. O, insanlara mərhəmət göstərən, ehtiyacı olana dayaq duran, böyüyə hörmət, kiçiyə isə sonsuz qayğı göstərən bir insan idi. Onun qapısı hər zaman açıq, süfrəsi bərəkətli, sözü hikmətli idi. İnsanlar ona yalnız zəhmətkeş kimi deyil, həm də ağsaqqal, övliya ruhlu bir şəxsiyyət kimi yanaşırdılar.

2004-cü ildə müqəddəs Məkkə şəhərinə üz tutaraq Həcc ziyarətini yerinə yetirməsi onun mənəvi həyatının zirvəsi oldu. Bu müqəddəs səfər onun ruhuna daha da nur qatdı, onu ətrafındakı insanların gözündə daha da uca bir mərtəbəyə yüksəltdi.

O, həm də nümunəvi bir ailə başçısı idi. Altı övlad atası olaraq övladlarına halal zəhməti, düzgünlüyü, insanpərvərliyi aşılamış, onlara həyatın ən doğru yolunu göstərmişdir. Bu gün onun verdiyi tərbiyə övladlarının və nəvələrinin həyatında yaşayır, onun adı ilə bağlı dəyərlər nəsildən-nəslə ötürülür.

2007-ci ilin 1 aprel tarixində bu nurlu insan haqq dünyasına qovuşdu. Onun vəfatı ailəsi, yaxınları və onu tanıyan hər kəs üçün böyük bir itki oldu. Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılan Hacı Mir Saqi Baba bu gün də xatirələrdə yaşayır, dualarda anılır, sevgi və hörmətlə yad edilir.

Bəli, bəzi insanlar bu dünyadan getsələr də, əslində heç vaxt ayrılmırlar… Onlar yaşadıqları gözəl ömürlə, etdikləri xeyirxah əməllərlə, bəxş etdikləri nurla daim bizimlə qalırlar. Hacı Mir Saqi Baba da məhz belə unudulmaz, ruhu uca, adı hörmətlə çəkilən insanlardandır.

Allah rəhmət eləsin, məkanı cənnət olsun. Onun əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər