Qərbi Azərbaycanın Qırxbulaq mahalında, Ellər rayon mərkəzindən 4 km şərqdə, Qırxbulaq çayının yuxarı axarında, dəniz səviyyəsindən 1550 metr yüksəklikdə yerləşən Aramus kəndində 1828-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışdır. Lakin həmin tarixdən sonra yerli türk-müsəlman əhalisi qovulub çıxarılmış və orada İrandan, Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Orta əsrlərdə Aramus kəndi Qatargöl monastrinin vəqf kəndi olmuşdur. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə İrəvan nahiyəsinin Ərəmus kəndi,1728-ci ildə isə "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Qırxbulaq nahiyəsinin Aramus kəndi kimi qeydə alınmışdır. Mənbələrdə kəndin adı 7-ci əsrdən çəkilir. Milli Məclisin üzvü Əziz Ələkbərli yazır ki, 1831-ci ilin siyahıya alması zamanı bir nəfər də olsun "yerli" erməni qeydə alınmamışdır. Deməli, ermənilərin kəndin qədim tarixi ilə bağlılığı barədə heç bir söhbət gedə bilməz. Aramus toponiminin etimoloji izahı kəndin tarixi, etnik mənsubiyyəti ilə bağlı əsl həqiqəti ortaya çıxarır.
V əsrin arman tarixçisi Moisey Xorenlinin armanlarin baş allahının Aramazd (əslində Ahuramazda və ya Hörmüzd) olması barədəki məlumatı qədim arman türklərinin xristianlıqdan əvvəl atəşpərəst olduqlarını, Aram mifik adının isə Ahuramazdanın adının armanlar arasında deyiliş forması olmasını təsdiq edir. Mənbələrdən göründüyü kimi Aramus kəndi qədim məbədgah, atəşpərəstlərin baş ziyarət yeri olmuş, Ahuramazdanın, arman türklərinin dediyi kimi, Aramın şərəfinə Aramus adlanmışdır. 1905-1906-ci illər erməni-müsəlman davası zamanı azərbaycanlı əhali kənddən çıxarılmış, kənd bütünlüklə erməniləşdirilmişdir.
İsa MUSAYEV