Bu barədə MEMİM-dən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində Ağdam Dövlət Dram Teatrında “Regionlarda peşəkar teatr dərsləri” layihəsi üzrə ustad dərsləri təşkil olunub.
Layihənin keçirilməsində əsas məqsəd kollektivin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, aktiv yaradıcı mühitin formalaşdırılması və səhnə sənəti ilə bağlı çağdaş tendensiyaların diqqətə çatdırılmasıdır. Nəzəri-praktik ustad dərsləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissoru və səhnə plastikası kafedrasının dosenti Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov və MEMİM-in əməkdaşı teatrşünas Dağlar Yusif tərəfindən aparılıb.
MEMİM-in “Regionlarda peşəkar teatr dərsləri” layihəsi 2024-cü ilin oktyabrından reallaşır. Layihə üzrə ötən il Qusar Dövlət Ləzgi Dram və Lənkəran Dövlət Dram teatrlarında, bu il isə Qax Dövlət Gürcü Dram və Qazax Dövlət Dram teatrlarında ustad dərsləri təşkil olunub. (AZƏRTAC)