Musiqi axşamı Üzeyir Hacıbəylinin musiqi irsinin əsas incilərindən olan “Aşıqsayağı” əsəri ilə açılıb. Azərbaycan musiqi ənənəsində dərin köklərə malik bu simvolik əsər milli musiqi irsi ilə XX əsr müasirliyi arasında bədii dialoq ovqatı bəxş edib.
Həmçinin, Dmitri Şostakoviç, Oktay Zülfüqarov və Azər Rzayevin əsərləri də səsləndirilib. Bu seçim Avropa və Azərbaycan musiqi estetikasının zəngin bədii mübadiləsini əks etdirib. Əsərlər Səidə Zülfüqarova (piano), Giyom Martinye (violonçel) və Florian Maviel (skripka) tərəfindən yüksək peşəkarlıqla ifa olunub. İfaların keyfiyyəti, tembrlərin harmoniyası və dərin ifadəliliyi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Konsert Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin irsinə ehtiram əlaməti olmaqla yanaşı, XX əsr musiqi repertuarının zənginliyini və müasirliyini də ön plana çıxarıb. Musiqi axşamı sənətin xalqlar arasında yaxınlaşmanı təşviq edən güclü vasitə olduğunu bir daha nümayiş etdirib.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO-nun sülh sənətçisi Hedva Ser, eləcə də Monqolustanın Fransadakı səfirinin nümayəndəsi də musiqi axşamına qatılıblar. (AZƏRTAC)