22.11.2024, 20:33
AZ EN
11.06.2024, 11:32 307

Milli Xalça Muzeyində “Müxtəlifliyin gözəlliyi” adlı sərgi açılacaq

XƏBƏRLƏR
  • İyunun 13-də ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyində Monteneqro xalqının milli mədəni özünəməxsusluğunu, dünyagörüşünü, həyat tərzini, etnik, dini xüsusiyyətlərini təcəssüm etdirən sərgi açılacaq.

Monteneqro Milli Muzeyinin “Müxtəlifliyin gözəlliyi” adlı bu sərgisində fərqli mədəniyyətlərin bir-birinə qarşılıqlı təsirindən yaranan 170-dən artıq eksponat yer alacaq. Bunlara Qədim Balkan, Roma, Bizans, yunan və slavyan irsinin özəlliklərini əks etdirən XIX-XX əsrlərə aid ənənəvi geyimlər, aksesuarlar, zərgərlik nümunələri, silahlar və s. aiddir. Onların arasında qədim Monteneqro xalqının milli kimliyinin vacib elementinə, əsas atributuna çevrilən, çoxsaylı nəbati, həndəsi, zoomorf motivlərlə bəzədilmiş rəsmi geyim dəstləri də yer alacaq.

Əsasən şəhər və kənd, xristian və müsəlman, həmçinin gündəlik və mərasim libasları kimi xarakterizə edilən geyimlər naxış elementlərinə, rənglərin harmoniyasına, biçiminə, formasına görə yüksək zövqlə hazırlanıb. Kişi geyimləri əsasən sadə, qadın geyimləri isə zəngin naxışlı və rəngarəngdir. 

Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Monteneqro Mədəniyyət və Media Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin təşkilatçılığı ilə təşkil edilir.

Monteneqronun zəngin milli mədəni irsinin təbliği məqsədilə təşkil edilən sərgi iyunun 14-dən avqustun 31-dək ictimaiyyətə açıq olacaq. 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər