27.10.2025, 14:17
AZ EN
27.10.2025, 11:53 71

Paşinyan: "Azərbaycanla sülh şəraitində..."

XƏBƏRLƏR
  • “2026-cı il sülh üçün həlledici əhəmiyyət daşıyacaq, çünki iyun ayında növbəti parlament seçkiləri keçiriləcək. Bu seçkilərin əsas məsələsi bir sualın cavabını tapmaq olacaq”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. Yerli mətbuatın yaydığı məlumata görə, Paşinyan 2026-cı ilin büdcə layihəsinin parlamentdə müzakirəsi zamanı deyib ki, erməni xalqı öz seçimi ilə sülhün sahibi olmalıdır: "Bu, qarşıdakı seçkilərin əsas siyasi məzmunu və məqsədidir. Həm hökumətin baxış bucağından, həm də tarixi və bütün digər mümkün aspektlərdən məsələ bu şəkildə qoyulub. Əks halda, Ermənistanın yenidən münaqişəyə geri qayıtması demək olacaq. İlk dəfədir büdcəni Azərbaycanla sülh şəraitində müzakirə edirik. Avqustun 8-də Vaşinqtonda imzalanmış razılaşma ilə iki ölkə arasında sülh rəsmən təsdiqlənib".

Nikol Paşinyan əlavə edib ki, son 1 il 8 ay ərzində Ermənistan-Azərbaycan sərhədində atəşkəs pozulmayıb və bu müddət ərzində heç bir hərbçi həlak olmayıb: "Müstəqilliyimiz dövründə belə uzunmüddətli sakitlik ilk dəfədir müşahidə olunur".

Baş nazir əlavə edib ki, bu gündən etibarən Türkiyədən Azərbaycana və əks istiqamətdə yükdaşımalara icazə veriləcək. O, Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırmasını tarixi addım kimi qiymətləndirib: "Bu, regionda yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır. Ermənistan da bu istiqamətdə uyğun addımlar atmalıdır".

Elxan SALAHOV

Oxşar xəbərlər