Zəngibasar mahalında, Aşağı Necili kəndi ilə Yengicə kəndi arasında yerləşən Qaratəpə kəndində ancaq Azərbaycan türkləri yaşamışlar. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) Qaracaviran məzrəsi adı ilə qeydə alınmış, ikinci adının Qaratəpə olduğu göstərilmişdir. Buradan aydın görünür ki, kəndin ilkin adı Qaratəpə olmuş, xaraba qaldıqdan sonra el arasında Qaracaviran, Qaraviran adlandırılmışdır. 1728 -ci ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə kənd Qırxbulaq nahiyəsinin Qaraviran kəndi kimi verilmişdir. Sonralar kənd xaraba qalmış, Aşağı Necili kəndi ilə Yengicə kəndi arasında vaxtilə kəndin ərazisi olmuş çöllük 1988-ci ilə qədər Qaratəpə adlandırılmışdır. Adından göründüyü kimi, toponim "qara" və "təpə" komponentlərindən ibarətdir. Böyük təpə anlamında olan toponimə İrəvan əyalətində belə sıx-sıx rast gəlinməsi, əslində, bölgədə qədim türklərin izləri olan təpə kurqanların çoxluğundan irəli gəlir.
İsa MUSAYEV