21.11.2024, 19:18
AZ EN
12.12.2022, 11:18 308

Gərnibasar mahalı, Taytan kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Gərnibasar mahalının düzənlik hissəsində, ancaq Azərbaycan türklərinin yaşadığı bu kəndin adı 1590-cı il qeydiyyatında Ağacəri, 1728-ci il qeydiyyatında isə Tantaq kimi qeyd olunmuşdur. İ.Şopen 1832-ci ildə kəndin adını - Taytan kimi Gərnibasar mahalının xaraba kəndləri sırasına daxil etmişdir. Mənbələrdə yazılır ki, kənd xaraba qaldıqdan sonra əhali daha təhlükəsiz bir yerə köçmüşdür. Belə ki, 1873-cü il statistikasında Vedibasar mahalının Böyük Vedi kəndi yaxınlığında Taytan adlı kəndin adı çəkilib. Yeri gəlmişkən xatırladaq ki, XIX əsrin ortalarına qədər Vedibasar mahalında Taytan adlı kənd qeydə alınmışdır.

Kəndin ilkin adı olan Ağacəri Səlcuq oğuzlarının Ağacəri tayfasının adından götürülmüşdür. Professor F.Ağasıoğlu hələ eramızın VI-VII əsrlərində Xəzərlərin ətrafında birləşən türk boyları sırasında Sakat və Hunlardan qalan tayfalardan biri kimi, Ağacəri tayfasının da adını çəkir və etnonimin mənşəyini belə izah edir: «Qədim türklər çay yaxasında yaşayanları subar, dağda olanları dağlı, meşəli bölgədə olanları ağacəri adlandırırdılar. Alimin fikrincə Azərbaycanda xeyli toponimlərdə izi qalan, Saqat boylarının bir tirəsi olan Ağacəri boyu qaynaqlarda Hun boylarının içindəki skit tayfası kimi xatırlanır.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Tovuz rayonunda Ağacəridağ adlı dağ vardır. Onu da xatırlatmaq olar ki, «Qızılbaşlar tarixi» kitabında Qızılbaş tayfaları sırasında Ağacəri tayfasının da adı çəkilmiş və bu tayfadan Əli bəy adlı birisinin Cahanşah zamanında böyük əmir olduğu da yazılır.

Bütün bunlara baxmayaraq kənd erməni işğalına məruz qalmış, öz varlığını və adını itirmişdir.

İsa MUSAYEV

Oxşar xəbərlər